Dekabrın 13-də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Azərbaycan turizm nümayəndəliyinin rəhbəri Nurlana Çakmak ilə görüşüb.
Assosiasiyanın ofisində baş tutan görüşdə qurumun idarə heyətinin üzvləri ("Çinar Naftalan", "Qaşaltı Naftalan", "Qarabağ Naftalan", "Qalaaltı Şabran", "Yengicə Qəbələ", "Duzdağ Naxçıvan", "Altay Maralı", "Palıdlı Sahil"), eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov, Azərbaycan Turizm Assosiasiyasının müşaviri Müzəffər Ağakərimov, "Gateway" şirkətinin prezidenti Halis Çakmak, "Silk Way" şirkətinin əməliyyat şöbəsinin müdiri Hüseyn İskəndərov da iştirak edib.
Ruslan Quliyev Türkiyədə Azərbaycan turizm nümayəndəliyinin 2016-cı ilin fevral ayından fəaliyyət göstərdiyini, bu müddətdə ölkəmizin sağlamlıq turizmi imkanlarının Türkiyədə tanıdılması istiqamətində də mühüm işlər görüldüyünü deyib və buna görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, turist axınına səbəb olan əsas meyarlardan biri də dövlət, özəl sektor və qeyri-hökumət təşkilatlarının birgə və koordinasiyalı fəaliyyətidir.
Görüşdə 2017-ci ilin fəaliyyət planında assosiasiya üzvləri ilə nümayəndəlik arasında Türkiyədə keçiriləcək sərgi, seminar, konfrans, B2B formatlı ikitərəfli görüşlərdə birgə iştirak və Türkiyə turoperatorlarının, doktor-mütəxəssislərinin, media nümayəndələrinin Azərbaycanın sağlamlıq ocaqlarına sistemli info-turların birgə təşkilinin məqsədəuyğun olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan sağlamlıq müəssisələri haqqında məlumatların mütəmadi olaraq nümayəndəliyə təqdim olunması, bunun da əsasında həftəlik bülletenlərin yayılması və maraqlı hədəf qruplarının müəyyən olunması önəmlidir.
Azərbaycan turizm nümayəndəliyinin rəhbəri Nurlana Çakmak 2016-cı ildə görülən işlərdən və qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışıb, eyni zamanda 2017-ci ildə də daha çox tanıtım fəaliyyətlərinə ehtiyac olduğunun zəruriliyini qeyd edib. O, ötən müddət ərzində Naftalan, Qalaaltı, Duzdağ sanatoriyalarının tanıdılması ilə bağlı bir sıra seminar və konfranslarda Türkiyə sağlıq qrupları və turoperatorları ilə ilkin görüşlərin və təqdimatların keçirildiyini deyib. Türk dilində reklam materiallarına ehtiyac olduğu, Naftalan və Duzdağın Türkiyə turizm bazarından daha çox pay alma imkanının müəyyənləşdiyini, gələcəkdə bəlli auditoriyalara hədəflənən sosioloji sorğuların aparılması zərurəti diqqətə çatdırılıb.
Nazirliyin Turizm şöbəsinin sektor müdiri Emil Səfərov hər zaman beynəlxalq turizm tədbirlərinə xüsusi önəm verildiyini deyib və qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi bundan sonra da özəl və qeyri-hökumət sektoru nümayəndələri ilə birgə fəaliyyəti davam etdirəcək.
Görüş fikir mübadiləsi ilə davam edib. Ölkədə sağlamlıq turizminin inkişafı istiqamətində dövlət tərəfindən təşviqlərin vacibliyi, Türkiyə təcrübəsinə əsasən özəl sektora ən azı 5 illik güzəştlərin verilməsinin effektiv ola biləcəyi qeyd olunub.