Azərbaycan
   
   17 dekabr 1905 - Tanınmış şair Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov, 1905 - 3.7.1990) Qazax rayonunun Şıxlı (Sarıvəlli) kəndində anadan olub.
   17 dekabr 1924 - Filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü Şirməmməd Hüseynov Şəkidə anadan olub. Mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli irsinin öyrənilməsi və təbliğində böyük xidmətləri var.
   17 dekabr 1987 - Görkəmli rəngkar Fərhad Hacıyev (1929-1987) vəfat edib. “Bakı ritmləri”, “Dostluq körpüsü”, “Kəpəz” və başqa tabloların müəllifidir. Ölkəmizdə bərpa rəssamlığının əsasını qoyub. Respublika Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin rəhbəri (1981-1987) olub. 
   17 dekabr 1993 - Xalq yazıçısı, dramaturq, akademik, ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911 - 1993) vəfat edib. «Gələcək gün», «Böyük dayaq» romanlarının, povest və hekayələrin, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Respublika Nazirlər Soveti sədrinin müavini (1946-1950), Ali Sovetin Rəyasət Heyətinin sədri (1954-1958) olub. 
   17 dekabr 1999 - Tanınmış jurnalist, ictimai xadim Nəcəf Adil oğlu Nəcəfov (24.6.1955 - 1999) vəfat edib. Ölümündən sonra (2005) “Şöhrət” ordeni ilə təltif edilib.
   
   18 dekabr 1928 - Görkəmli xanəndə Qulu Rüstəm oğlu Əsgərov (1928-1989) Salyan rayonunda doğulub. Milli operalarımızda yaddaqalan obrazlar yaradıb: Məcnun, Kərəm (Ü.Hacıbəyli - “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Şah İsmayıl (M.Maqomayev - “Şah İsmayıl”) və s.
   18 dekabr 1930 - Tarix elmləri doktoru, professor Süleyman Sərdar oğlu Əliyarlı (1930 - 16.1.2014) Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. “Azərbaycan tarixi üzrə qaynaqlar”, "Azərbaycan türklərinin etnogenezi" və s. mövzularda tədqiqatların müəllifidir.
   18 dekabr 1934 - Şair, dramaturq, publisist Teyyub Qurban (Teyyub Yarməmməd oğlu Qurbanov) anadan olub. Kitabları: “Dostluğun gücü", "Unudulmayan", "El yolu", "Ömrün gənclik yazı" və s.
   18 dekabr 1957 - Yazıçı, şair, dramaturq Əyyub Cəbrayıl oğlu Abbasov (1905-1957) vəfat edib. Zəngəzur qəzasının Şəki kəndində doğulub. «Zəngəzur» romanı, “Qadın azadlığı”, “Şəfəq”, “Bahar nəğməsi” və s. pyeslərin müəllifidir. Bakı Teatr Məktəbinin direktoru olub.
   18 dekabr 1997 - Prezident Heydər Əliyev 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyasına tarixi-siyasi qiymət verən fərman imzalayıb. 
   
   19 dekabr 1921 - Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev (1921 - 21.8.2002) anadan olub. Əsərləri: “Mingəçevir işıqları”, “Çəltikçi qızlar”, “İmadəddin Nəsimi” və s. “Hindistan” silsiləsinə görə beynəlxalq Cəvahirləl Nehru mükafatına layiq görülüb.
   19 dekabr 1943 - Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qara oğlu Qarayev anadan olub. “Qobustan kölgələri”, “Kaleydoskop” baletləri, “Eşqə səyahət” operası, simfonik orkestr üçün əsərlərin müəllifidir. 
   19 dekabr 1947 - Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə (1947 - 16.3.2013) Bakıda doğulub. Gənclər Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləyib. 20-dən çox pyesin müəllifidir.
   19 dekabr 1950 - Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950 - 17.11.2006) anadan olub. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   19 dekabr 1969 - Məşhur pianoçu, caz ifaçısı, bəstəkar Əzizə Vaqif qızı Mustafazadə anadan olub. 1995-ci ildən Almaniyada yaşayır.
   
   20 dekabr 1905 - Ədəbiyyatşünas Atababa Daşdəmir oğlu Musaxanlı (1905 - 14.8.1941) Bakıda doğulub. “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatçılarından biridir. 
   20 dekabr 1925 - Azərbaycanlı ilk qadın fəlsəfə elmləri doktoru Şükufə Şamil qızı Mirzəyeva (1925 - 9.10.1980) Ağdamın Gülablı kəndində anadan olub. Azərbaycanın estetik fikir tarixinə dair əsərlərin müəllifidir.
   20 dekabr 2014 - Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (21.2.1921 - 2014) vəfat edib. "Nizami Gəncəvi və dünya mədəniyyəti” silsiləsi, “Xurşudbanu Natəvanın portreti”, “1937-ci il repressiyasının qurbanları”, “Hüseyn Cavidin aləmi” triptixi və s. tabloların müəllifidir. 
   
   Dünya
   
   17 dekabr 1273 - İslam mütəfəkkiri, panteizm (vəhdəti-vücud) fəlsəfəsinin tanınmış nümayəndəsi, şair Mövlana Cəlaləddin Məhəmməd Rumi (30.9.1207 - 1273) vəfat edib. İndiki Əfqanıstan ərazisində, Bəlx şəhərində doğulan Rumi ömrünün çox hissəsini Konyada (Türkiyə) yaşayıb və orada dünyasını dəyişib.
   17 dekabr 1830 - Fransız yazıçısı Jül de Qonkur (Jules de Goncourt, 1830 - 20.6.1870) anadan olub. Yazıçı Edmon de Qonkurun (1822-1896) kiçik qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
   17 dekabr 1893 - Alman teatr rejissoru və nəzəriyyəçisi Ervin Piksator (Erwin Piscator, 1893 - 1966) anadan olub.
   17 dekabr 1905 - Sovet kinorejissoru İosif Yefimoviç Heyfis (1905 - 1995) anadan olub. Azərbaycan rejissoru Rza Təhmasiblə birlikdə “Bakının işıqları” (1950) filmini çəkib.
   
   18 dekabr 1921 - SSRİ Xalq artisti Yuri Vladimiroviç Nikulin (1921- 21.8.1997) anadan olub. Filmləri: “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s. Moskva sirkinə rəhbərlik edib.
   18 dekabr 1946 - Amerika rejissoru, ssenarist Stiven Spilberq (Steven Allan Spielberg) anadan olub. Filmləri: “Şindlerin siyahısı”, “Yadplanetli”, “Yura dövrünün parkı”, “Dünyaların savaşı”, “Sıravi Rayanı xilas etməli” və s. 
   
   19 dekabr 1864 - Alman bəstəkarı Adolf Zanberqer (Adolf Sandberger, 1864 - 1943) anadan olub.
   19 dekabr 1915 - Fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf - Edith Giovanna Gassion; 1915 - 10.10.1963) anadan olub.
   
   20 dekabr 1629 - Holland rəssamı Piter de Hox (Pieter de Hooch (Hoogh), 1629-1684) anadan olub.
   20 dekabr 1873 - Türk şairi Mehmet Akif Ersoy (1873- 27.12.1936) İstanbulda doğulub. Türkiyənin dövlət himni (“İstiqlal marşı”), “Çanaqqala şəhidlərinə” poetik dastanı, “Haqqın səsləri” toplusu və s. əsərlərin müəllifidir.
   20 dekabr 1915 - Türk yazıçısı Əziz Nesin (Mehmet Nusret Nesin; 1915 - 6.7.1995) anadan olub. Kitabları xarici dillərə çevrilib. Bir sıra əsərləri (“Futbol kralı”, “Taxtalıköydən məktublar” və s.) hələ sovet dövründə Azərbaycanda da çap olunub.
   20 dekabr 1921 - Amerika aktyoru, rejissor, iki dəfə “Oskar” mükafatı laureatı Corc Hill (George Roy Hill; 1921 - 27.12.2002) anadan olub. Filmləri: “Əyləncəli ferma”, “Fırıldaq” və s. 
   
   Hazırladı: Vüqar Orxan