Dekabrın 21-də M.Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 85 illiyi münasibətilə konsert proqramı təşkil olundu. Yubiley konserti Mədəniyyət və Turizm Nazirliyi və AzTV-nin birgə təşkilatçılığı ilə keçirildi.
“Mədəniyyət” kanalının baş direktoru Ramil Qasımov çıxış edərək orkestrin tarixindən söz açdı. Bildirdi ki, bu kollektivlə musiqi tariximizdə iz qoyan görkəmli korifeylər çıxış ediblər. Bu gün orkestr milli musiqimizə yeni-yeni solistlər bəxş edir.
Sonra orkestrin müşayiəti ilə xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, əməkdar artistlər Teyyub Aslanov, Ehtiram Hüseynov, Almaz Orucova və digərlərinin ifasında xalq və bəstəkar mahnıları səsləndirildi. İfalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Qeyd edək ki, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931-ci ildə yaradılıb. Bununla nəinki Azərbaycanda, bütün Şərq aləmində professional notlu xalq çalğı alətləri orkestrinin əsası qoyulub.
İlk illərdə orkestrin dirijoru və rəhbəri Üzeyir Hacıbəyli, konsertmeysteri Səid Rüstəmov olub. Orkestrin tərkibi isə ancaq kamança, saz, balaban, zurna, dəf, nağara alətlərindən ibarət idi. 1935-ci ildən sonra Üzeyir Hacıbəylinin təklifi ilə Səid Rüstəmov orkestrə baş dirijor və bədii rəhbər təyin edilir. Orkestrin repertuarı xalq mahnı və təsniflərindən, rənglərdən ibarət olsa da, tezliklə Müslüm Maqomayev, Üzeyir Hacıbəyli, Səid Rüstəmov orkestr üçün yeni əsərlər yazırlar. M.Maqomayevin “Radio marşı”, Üzeyir bəyin 1 və 2 saylı fantaziyaları, S.Rüstəmovun mahnıları kollektivin repertuarını daha da zənginləşdirir. 1936-cı ilin aprel ayında I Ümumittifaq radio festivalında mükafat qazanan orkestr 1937-ci ildə Moskva və Leninqrad (Sankt-Peterburq) şəhərlərində uğurla konsertlər verir.
Bu gün də ölkəmizin musiqi həyatında aktiv rol oynayan orkestrin bədii rəhbəri Əməkdar artist Faiq Sadıqov, dirijoru Fərhad Qarayusiflidir.
Lalə Azəri