“İlisu Snow Tubing Park” qış-yay turizm kompleksinin açılışı münasibətilə Qax rayonuna info-tur təşkil olundu
Azərbaycanın bölgələri özünəməxsus tarixi-mədəni irsi, mətbəxi, müalicəvi imkanları ilə ilin bütün fəsillərində əlverişli turizm məkanlarıdır. Son illər regionlarda turizmin inkişafı məqsədilə böyük layihələr icra olunur, yeni infrastruktur yaradılır.
Dekabrın 23-24-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İntourist Travel” şirkəti və “Sinam” MMC-nin təşkilatçılığı ilə Qax rayonundakı “İlisu Snow Tubing Park” qış-yay turizm kompleksinin açılışı münasibətilə keçirilən info-tur zamanı bunun bir daha şahidi olduq.
Ölkədə fəaliyyət göstərən bir qrup turizm şirkəti və KİV nümayəndəsinin iştirakı ilə baş tutan səfərin birinci günü rayonun turizm potensialı ilə tanışlıq oldu. İnfo-turun keçirilməsində məqsəd Qaxın ölkəmizdə yeni qış turizmi məkanı kimi tanıdılmasıdır.
Dağlarla əhatələnən füsunkar diyar
Azərbaycanın şimal-qərbində, Böyük Qafqazın cənub yamaclarında yerləşən, gözəl təbiəti ilə seçilən Qax rayonu Bakıdan 345 kilometr məsafədə, dəniz səviyyəsindən 500 metr yüksəklikdə yerləşir. Qışı sərt, yayı isə adətən sərin və mülayim keçir. Əlverişli iqlim şəraitinə malik, şəfalı bulaqlarla zəngin olan bu bölgədə turistlərin ilboyu istirahəti üçün hər cür imkanlar var. Dağ göllərinin və şəlalələrin çoxluğu bu məkanın cəlbediciliyini daha da artırır.
Rayonun mərkəzi öz səliqə-sahmanı ilə seçilir. Bir neçə il bundan əvvəl şəhərin mərkəzi hissəsində yerləşən İçəribazar qala kompleksində bərpa işləri aparılıb. İçəribazar XVIII əsrdə salınmış məhəllədir. Onlarla kərpic evdən və iki qala divarından ibarət məkanda həmçinin açıq səma altında 300 tamaşaçı tutumuna malik teatr, Nəsimi parkı və sənətkar emalatxanaları yerləşir.
Səfərimizin ünvanı olan İlisu kəndi dəniz səviyyəsindən 1400-1600 metr yüksəklikdə, rayon mərkəzindən 12 kilometr şimal-qərbdə yerləşir. Yaşayış məntəqəsi buradakı bulaqların adı ilə adlandırılıb. Kənd sakinləri əsasən sənətkarlıqla məşğul olur.
Ərazidəki İlisu qoruğu ovçuluq və balıqçılıq üçün əlverişlidir. Qanıq-Əyriçay vadisindəki düzənliklər və Böyük Qafqaz dağlarının ətəyi əsas ovçuluq zonalarındandır. Rayonda 70-ə yaxın tarix və mədəniyyət abidəsi qeydə alınıb. Bunların arasında Ləkit məbədi, Qum məbədi, Ulu körpü, Ulu məscid, Sumuq qalanı xüsusi qeyd edə bilərik.
Müasir istirahət məkanları
Rayon ərazisində müasir standartlara cavab verən bir neçə hotel fəaliyyət göstərir. İnfo-tur çərçivəsində qaldığımız “El Resort” hoteli Qaxda fəaliyyətə başlayan ilk 5 ulduzlu hoteldir. İlisu qoruğunun içərisində yerləşir, hər tərəfdən tarix-mədəniyyət abidələri ilə əhatə olunub.
Səfərimizin ilk günü daha bir neçə hotellə tanış olduq. “Səngər qala” istirahət mərkəzində yerləşən eyniadlı hotel bu ilin may ayından turistlərin xidmətindədir. Milli memarlıq elementləri ilə inşa olunan “Səngər qala” hoteli tarixi abidəni xatırladır, adı isə buradakı Səngər bulağından götürülüb. Binanın sonuncu - yeddinci mərtəbəsində dağ və meşəyə açılan restoran fəaliyyət göstərir. Qalan mərtəbələrdə xidmət çeşidlərinə görə fərqlənən 38 nömrə var.
Hotelin Yeni il paketləri barədə məlumat verən menecer Fərid Tağıyev bildirdi ki, burada qiymətlər 99 manatdan başlayır. Yeni il gecəsi qonaqları böyük şou-proqram gözləyir.
Rayondakı “Bergs” hoteli isə cəmi 30 nəfərlikdir. Hotelin adı almancadan tərcümədə “dağlar” mənasını verir. Bunun da səbəbi hotelin dağların əhatəsində qərar tutmasıdır. 2014-cü ildən fəaliyyət göstərən “Bergs” hotelinin həyətindəki 2 və 4 nəfərlik kotteclər yay aylarında istifadə olunur.
Qar kanalı ilə sürüşmə
Açılışında iştirak etdiyimiz “İlisu Snow Tubing Park” qış-yay turizm kompleksi öz imkanları ilə ölkəmizdə qış turizminin inkişafına töhfə verəcək.
Kompleksin “El Resort” hotelində təşkil edilmiş təqdimat mərasimində çıxış edən “İntourist Travel” şirkətinin direktoru Anar Əliyev bildirdi ki, “Snow Tubing” (qar kanalı ilə sürüşmə) qış aylarında əyləncə, adrenalin sevənlər üçün ən ideal idman-əyləncə növüdür. “Snow Tubing”lərdən ilk dəfə 1820-ci ildə Alp dağlarında istifadə olunub. Bu əyləncə növü daha sonralar Amerikada məşhurlaşıb. Azərbaycanda ilk dəfə olaraq Qaxda kompleks halında əhalinin istifadəsinə verilir: “Qax rayonunun füsunkar təbiəti turistləri ilin bütün fəsillərində məftun edir. Rayonda “İlisu Snow Tubing” turizm kompleksinin istifadəyə verilməsi ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizminin də inkişafına təkan verəcək”.
Şirkət rəhbərinin sözlərinə görə, “Snow Tubing Park”da həm böyüklər, həm də uşaqlar üçün əyləncə vasitələri olan tubinqlər təklif olunur. Parkın ərazisində yaxın günlərdə “fast food” yeməkləri təklif edən kafe və restoran da fəaliyyətə başlayacaq. Kompleksə turlar 1 günlük 69 manatdan, 1 gecə 2 günlük paketlər ilə 89 manatdan başlayır. Şəxsi maşınları ilə gələn qonaqlar üçün tubinqlərdən istifadə isə 35 manat təşkil edəcək. Ərazidə olan hər kəs “Paşa Sığorta” tərəfindən sığortalanacaq.
Qeyd olundu ki, turizm kompleksi üçün beş müxtəlif istiqamətdə uzunluğu 70 metrdən 150 metrə qədər olan məsafəni əhatə edən müxtəlif dərəcəli (yüksək, orta və ya aşağı çətinlik dərəcəsi) sürüşmə zolaqları hazırlanıb. Bunlardan ikisi uşaqlar üçün, ikisi yeni istifadə edənlər üçün, digəri isə professional sürüşənlər üçündür. İstirahət mərkəzində turistlər üçün müxtəlif növ əyləncə və idman oyunları da planlaşdırılır.
A.Əliyev bildirdi ki, “İlisu Snow Tubing” kompleksinin fəaliyyətə başlaması ilə yeni iş yerləri açılacaq, yerli sakinlər üçün ərazidə kiçik yarmarka da fəaliyyət göstərəcək. Hazırda kompleks gündəlik 1500 turisti qəbul etmək imkanlarına malikdir. Yaxın 5 ilə başa çatdırılması nəzərdə tutulan kompleksdə böyük infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır.
* * *
Səfərimizin ikinci günü İlisu kəndi ərazisində yerləşən kompleksin fəaliyyəti ilə daha yaxından tanış olub qarda sürüşmək imkanı da əldə etdik. Onu da qeyd edək ki, “İlisu Snow Tubing” kompleksi Qax rayonunun qədim tarixi memarlıq abidələrindən olan Sumuq qalanın yaxınlığındadır. Buraya gələn turistlər öncə bu qala ilə tanış olur. XVII-XVIII əsrlərə aid dördkünc, yuxarıya doğru daralan müdafiə məqsədli tikili Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühafizə olunur. Sumuq qala həm də keçmiş SSRİ məkanında populyar olmuş “Qorxma, mən səninləyəm!” filminin çəkildiyi məkandır. Rejissor Yuli Qusmanın 1981-ci ildə çəkdiyi bu musiqili macəra filmində Polad Bülbüloğlu və Lev Durov kimi məşhur ulduzlar rol alıblar.
Fariz Hüseynov