Pianoçu, bəstəkar İsfar Sarabski Niyazinin mənzil-muzeyinin qonağı oldu
   
   Yanvarın 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Klassik musiqi həvəskarları klubu”nun yeni ildə ilk tədbiri keçirildi. İstedadlı pianoçu, bəstəkar, Əməkdar artist İsfar Sarabski muzeydə caz musiqisi həvəskarlarının görüşünə gəldi. 
   Görüş İsfar Sarabskinin yaradıcılıq yolunu əks etdirən slayd-şounun nümayişi ilə başladı. Gənc pianoçunun uğurlu yaradıcılıq yolunu əks etdirən fotosərgi də qonaqlar tərəfindən maraqla qarşılandı. 
   Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova tədbir iştirakçılarını salamlayaraq yeni ildə ilk görüşdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, İsfar Sarabski ilə görüş muzeyin daimi ziyarətçiləri tərəfindən arzulanan layihələrdən biri idi və nəhayət ki, yeni ilin ilk günlərində biz musiqisevərləri sevindirə bildik. İsfar Sarabski haqqında məlumatı diqqətə çatdıran direktor əlavə etdi ki, pianoçu-bəstəkar 2009-cu ildə İsveçrədə keçirilən Montrö caz festivalının qalibi olub, Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatının laureatıdır.
   Sonra söz qonağa verildi. İsfar Sarabski görüşdə iştirak edən hər kəsi salamlayaraq sənətinə olan diqqətə görə minnətdarlığını bildirdi. Musiqiçi təqdim edəcəyi proqramın dinləyicilər tərəfindən bəyəniləcəyinə ümidvar olduğunu dedi.
   Görüşün ilk hissəsi cazmenin ifasında rəngarəng musiqi nömrələrinin təqdimatı ilə davam etdi. Bəstəkar müəllifi olduğu əsərlərlə yanaşı, Vaqif Mustafazadənin repertuarından sintez şəklində kompozisiyanı da ifa etdi. Hər bir musiqi nömrəsi böyük alqış və sevgilərlə qarşılandı. 
   Görüşün ikinci hissəsində isə pianoçu-bəstəkar tamaşaçıları maraqlandıran sualları cavablandırdı. 
   
   Lalə Azəri