Yanvarın 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyasının Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunan konsert keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə gerçəkləşən yubiley tədbirində Azərbaycan, Gürcüstan və Rusiyadan ifaçılar iştirak edib. Filarmoniyanın foyesində Azərbaycanın görkəmli bəstəkar və musiqiçilərinin fotolarından ibarət stendlər qurulub. Qonaqlara foyedə rəngarəng rəqs proqramı da təqdim olunub.
Yubiley tədbirini “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov açaraq orkestrin 85 illik yubileyini ölkənin mədəni həyatında mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, simfonik orkestr 1931-ci ildə Azərbaycan Dövlət Radio Komitəsinin nəzdində dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılıb və kollektivin ilk bədii rəhbəri və dirijoru Aleksandr Şvarts olub. 1941-ci ildən orkestrin bədii rəhbəri və baş dirijoru Əşrəf Həsənov, 2-ci dirijoru isə Çingiz Hacıbəyov olub. Üzeyir Hacıbəylinin dəvəti ilə Bakıya gəlmiş Avstriya dirijoru Otto Ştrasser bir neçə il bu kollektivdə işləyib. 1944-cü ildə orkestr Tbilisidə Zaqafqaziya ongünlüyündə müvəffəqiyyətlə çıxış edib.
Görkəmli sənətkarlar Bülbül, Şövkət Məmmədova, Firəngiz Əhmədova, Sona Aslanova, Lütfiyar İmanov, Mobil Əhmədov və başqa müğənnilər orkestrlə çoxsaylı konsertlər veriblər. 1971-ci ildən Xalq artisti Ramiz Məlik-Aslanov, 1992-ci ildən Əməkdar incəsənət xadimi İsmayıl Hacıyev, 1995-ci ildən Əməkdar incəsənət xadimi Yaşar İmanov kollektivin bədii rəhbəri və baş dirijoru olub. Hazırda orkestrin dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Gecənin musiqi proqramı Üzeyir bəyin “Koroğlu” operasından uvertüra ilə başlayıb. Azərbaycan və dünya bəstəkarlarının əsərləri, xalq mahnılarımızın daxil edildiyi proqramda xalq artistləri Brilliant Dadaşova, Fidan Hacıyeva, Ramiz Quliyev, Samir Cəfərov, Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili, əməkdar artistlər Şirzad Fətəliyev, Nərgiz Kərimova, Ehtiram Hüseynov və başqalarının ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Konsert boyu orkestrə Nazim Hacıəlibəyov, Fəxrəddin Atayev və Yaşar İmanov dirijorluq edib. Yubiley gecəsinə vokal ifaçısı Nataliya Arxipova (Rusiya) və Cahangir Qurbanovun birgə ifasında Müslüm Maqomayevin unudulmaz “Azərbaycan” mahnısı ilə yekun vurulub.
Lalə