Azərbaycanın daş yaddaşı, qədim tariximizin ana kitabı hesab olunan Qobustan Milli tarixi-bədii qoruğunu son illərdə ziyarət edənlərin sayı xeyli çoxalıb. Bunun da mühüm səbəbləri var. Qoruğun ərazisində yeni muzey istifadəyə verilib, turistlərin bu tarixi məkana üz tutmaları üçün lazımi işlər görülüb. Görülən işlərin göstəricisi olaraq 2016-cı ildə qoruğu 65 min 816 insan ziyarət edib ki, bu da öncəki illə müqayisədə 56 faiz çoxdur.
Qoruqdan bildirilib ki, ziyarətçilərin sırasında xarici vətəndaşlar üstünlük təşkil edib. Xarici turistlərdən 8155-i Rusiya, 6811-i ərəb ölkələri, 1582-si Çin, 1464-ü Almaniya, 1320-si İran, 1215-i Yaponiya, 1040-ı ABŞ, 974-ü Türkiyə, 864-ü İtaliya, 852-si Britaniya, 620-si isə Fransa vətəndaşları olub. 8733 xarici turist isə müxtəlif ölkələri təmsil edib. 2016-cı il ərzində qoruğa 2626 ekskursiya təşkil edilib. Ekskursiyaların 407-si Azərbaycan, 763-ü ingilis, 1456-sı rus dilində aparılıb.
Qeyd edək ki, Qobustan Milli tarixi-bədii qoruğunun muzey kompleksi 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.