Tokioda “Keystone club”da təşkil olunan konsertdə müxtəlif dünya xalqlarının caz musiqisi ilə yanaşı, Azərbaycan mahnısı da səslənib. Konsertdə tanınmış caz ifaçısı, “Excellence Award” mükafatının qalibi xanım Kioko Yamamota Azərbaycan dilində “Sarı gəlin” xalq mahnısını oxuyub.
Əvvəlcə ifaçı tamaşaçılara Azərbaycan haqqında məlumat verib. Biznes əlaqələri qurmaq üçün ölkəmizə səfər edən xanım burada çox zəngin musiqi ilə qarşılaşdığını bildirib. Qərara alıb ki, orijinallığı ilə seçilən Azərbaycan musiqi nümunələrini öz repertuarına daxil etsin. “Sarı gəlin”in yapon tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanacağına əmin olduğunu vurğulayan K.Yamamota qeyd edib ki, bundan sonrakı fəaliyyətində də Azərbaycan musiqisi nümunələrinə geniş yer verəcək.
Yaponiyada ilk dəfə caz improvizasiyasında səslənən “Sarı gəlin” tamaşaçılar tərəfindən böyük diqqətlə dinlənilib və sürəkli alqışlarla qarşılanıb.