Dünya Turizm Təşkilatının baş katibi ailəsi ilə Türkiyəyə istirahətə gələcəyini deyib
   
   Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Taleb Rifai güclü ənənələri olan Türkiyə turizminin gələcəyindən ümidli olduğunu vurğulayıb. “Anadolu” agentliyinə müsahibəsində Taleb Rifai Türkiyə turizminin son 20 ildə dünya miqyasında çox böyük uğurlar əldə etdiyini deyib.
   Son dövrlər Türkiyəni hədəfə alan terror hücumları səbəbiylə turizm sektorunun həssas bir dönəmdən keçdiyini bildirən baş katib dünyanın dörd bir tərəfindən Türkiyəyə səfər etmək istəyən insanlara səslənib: “Türkiyədəki həyatın dünyanın digər ölkələrindən heç bir fərqi yoxdur. Terrorizm qlobal bir problemdir. Bu, sadəcə, Türkiyənin, yaxud Fransa, Belçika, Misir, Tunis və Tailandın problemi yox, beynəlxalq problemdir. Mənim, sizin, digərlərinin və nəticədə hamımızın problemidir. Terrorizm bəlası ilə dünyanın hər yerində, hər zaman qarşılaşa bilərik. Bundan ötəri Türkiyəyə gedəcək turistlərdə ən kiçik bir şübhə və sual yaranmasına gərək yoxdur”.
   Taleb Rifai Türkiyənin hər zaman turizm üçün cazibəli ölkə olduğunu vurğulayıb: “Bəzən problem yaşandığında dünyanın sizdən ayrı düşdüyünü zənn edirsiniz. Amma elə deyil. Turizm sektoru olaraq Türkiyənin təqdim etdiyi məhsul və xidmətlər çox möhtəşəmdir. Ölkəyə edilən bu cür hücumların məqsədi Türkiyə iqtisadiyyatına və siyasətinə zərər vermək, ölkəni qaralamaqdan ibarətdir”.
   Yaxın vaxtlarda Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcının dəvəti ilə bu ölkəyə səfər edəcəyini deyən baş katib turistik bölgələrə baş çəkəcəyini və turizm sektorunun nümayəndələri ilə görüşəcəyini diqqətə çatdırıb: “Ailəmlə birlikdə Türkiyəyə səfər edəcəyəm. Köklü və güclü təməllər üzərində qurulan Türkiyə turizminin gələcək inkişafından olduqca ümidliyəm”.
   
   Fariz