Mədəniyyət və Turizm Nazirliyi tərəfindən beynəlxalq mədəni və yerli turizm marşrutları vasitəsilə ölkə turizminin dünya turizm bazarına inteqrasiyası yolunda müxtəlif layihələr həyata keçirilir. Bu xüsusda nazirlik, Almaniyanın ölkəmizdəki səfirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Azərbaycanda alman məskənləri” adlı turizm marşrutu üzrə layihənin reallaşdırılması istiqamətində də işlər görülür. 
   Həmçinin, Almaniyadan ölkəmizə turist cəlb etmək üçün yeni layihə hazırlanır. Bu barədə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru vəzifəsini icra edən Eldar Aslanov məlumat verdi: “2017-ci ildə Berlində keçiriləcək beynəlxalq turizm sərgisində Almaniyanın turoperatorları ilə “workshop”un keçirilməsi planlaşdırılır. İstəyirik ki, Almaniyadan Qafqaza, xüsusilə də Azərbaycana turpaketlər təqdim edən turizm şirkətləri ilə görüşək və müzakirələr aparaq. Məqsədimiz də Göygöl, Şəmkir və alman irsi olan digər rayonlarımıza bu ölkədən turist axınının təmin olunmasıdır. Həmçinin ölkəmizin zəngin təbiəti, tarixi və mədəniyyətinin də almaniyalı turistlər üçün maraqlı olacağına əminik. Bununla bağlı layihə hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyi və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri ilə birlikdə ATMU-da görüş keçirdik və bu ideya bəyənildi. Hazırda bu yöndə qonşu Gürcüstanın və Almaniyanın turizm şirkətləri ilə danışıqlar aparırıq”.
   Xatırladaq ki, 2017-ci ildə almanların Cənubi Qafqazda, o cümlədən Azərbaycanda məskunlaşmasının 200 ili tamam olur. Azərbaycan, Almaniya və Gürcüstanın təşəbbüsü ilə bu tarix UNESCO-nun 2017-ci il yubileylər proqramına salınıb. Prezident İlham Əliyev 30 avqust 2016-cı il tarixdə “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb. 
   Eldar Aslanov vurğuladı ki, yaxın vaxtlarda Almaniyadan ölkəmizə turist gətirən yerli şirkətlərlə görüşüb onları da bu layihədə daha yaxından iştirak etməyə cəlb edəcəyik. Həmçinin həmin turizm şirkətlərinin nümayəndələrini Almaniyada keçiriləcək turizm sərgisinə və keçirəcəyimiz “workshop”a dəvət edəcəyik.
   
   Fariz Hüseynov