Son illərdə Azərbaycanda turizmin müxtəlif növləri inkişaf etdirilir, bununla bağlı layihələr həyata keçirilir. Ölkəmizdə inkişaf potensialı olan turizm növlərindən biri də idman turizmidir. İdman turizminin inkişafının dəstəklənməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də əksini tapıb.
Fiziki sağlamlıq, adrenalin və istirahət bir arada
Qış idman növləri Azərbaycan üçün nisbətən yeni bir tendensiya olsa da, bu sahədə böyük potensial var. Xizəkçilik də daxil olmaqla, bir çox açıq hava idman növlərini təklif edən Şahdağ Turizm Mərkəzi və Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi fəaliyyət göstərir. 2016-cı ilin sonlarından isə Qax rayonu ərazisində “İlisu Snow Tubing Park” kompleksi istifadəyə verildi.
Ölkəmiz idman turizminin inkişafı üçün zəngin təbiətə sahibdir. Piyada gəzinti üçün nəzərdə tutulmuş müəyyən marşrutlar, dağ turizmi, sepeloturizm (mağara turizmi), veloturizm, safari turizmi və digər idman növləri üzrə turizmin inkişafı üçün imkanlar mövcuddur. Bu sahə ilə maraqlanan turistlərdən xüsusi fiziki hazırlıq, dözüm tələb olunur. Belə turizm xidmətləri təcrübəli və səriştəli təlimatçıların rəhbərliyi altında həyata keçirilməlidir.
İdmanın müxtəlif növləri üzrə sadə xidmətlər də təqdim oluna bilər ki, bunlardan hər kəs, xüsusi hazırlıqları olmayanlar da istifadə edə bilərlər.
Təbiət abidələrinə təşkil olunan turlar da, fiziki rekreasiya fəaliyyəti ilə bağlı olmaqla yanaşı, idman turlarının təşkili üçün əlverişli şərait yaradır. Belə turlar adrenalin dolu alpinizm, su idmanı və digər idman növlərindən ibarət olur. Əksər hallarda təbiət abidələrindən idman turlarında istifadə edilməsi ərazinin coğrafi şəraiti ilə bağlıdır. Onların landşaft ekzotikliyi ilə seçilən ərazidə yerləşməsi turizm məqsədilə istifadəyə zəmin yaradır.
Beynəlxalq idman yarışlarının turizmə təsiri
İdman Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biridir. Ölkəmizin əksər şəhər və rayonlarında olimpiya kompleks və mərkəzlərinin istifadəyə verilməsi, həmçinin müxtəlif sahələr üzrə idman meydançalarının və təsisatlarının yaradılması ölkədə müvafiq idman növləri üzrə nüfuzlu idman yarışlarının təşkilinə imkan verir. Son illər ölkəmizdə güləş, gimnastika, boks, voleybol və digər idman növləri üzrə beynəlxalq idman yarışları təşkil edilib. 2015-ci ildə Birinci Avropa Oyunlarına Azərbaycan ev sahibliyi etdi. 49 ölkədən 6 mindən çox idmançının qatıldığı yarışlar ölkəyə xarici turistlərin cəlb olunması üçün də mühüm təbliğat vasitəsi oldu.
2016-cı ildən başlayaraq isə Bakıda “Formula 1” Qran-pri yarışı keçirilir. “Bakı şəhər halqası”nda yüksək səviyyədə təşkil olunmuş yarışmanı izləmək üçün şəhərimizə 47 ölkədən 25 minədək turist gəlmişdi. “Formula 1” (F1) tamaşaçılar üçün ən bahalı idman yarışları hesab olunur. Bu il iyunun 25-də paytaxtımızda ikinci dəfə təşkil olunacaq yarışmanı izləmək üçün satılan biletlərin qiyməti 60-550 manat arasında dəyişir. Təsadüfi deyil ki, F1 yarışlarına ev sahibliyi edən ölkələr daha çox xarici turistlərin gəlməsinə, onların qalma müddətlərinin artırılmasına və həmin turistlərin iri mehmanxana və cəlbedici məkanlarda daha çox vəsait xərcləməsinə nail olmaq istiqamətində addımlar atır. 2011-ci ildə F1 yarışlarına ev sahibliyi etmiş Bəhreyn və Monako hər biri müvafiq olaraq 220 və 90 milyon dollar mənfəət əldə edib. Bakı da bu beynəlxalq təcrübədən istifadə edərək yarışlar zamanı, yarışlardan əvvəl və sonra müxtəlif tədbirlər təşkil etməklə mənfəətliliyi artıra bilər.
Bu istiqamətdə işlərin görülməsi Strateji Yol Xəritəsində də öz əksini tapıb. Belə ki, velosiped turu, festivallar, F1 yarışlarına ev sahibliyi etmiş başqa ölkələrin təcrübəsində olduğu kimi, motorlu idman növləri ilə bağlı tədbirlərin F1 yarışlarından əvvəl və sonra təşkili nəzərdən keçiriləcək. Bunlarla yanaşı, yarışlar zamanı yerli kulinariya və mədəniyyət festivallarının keçirilməsi məsələsi də dəyərləndiriləcək.
Bu il ölkəmiz həm də IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanın dünyada idman ölkəsi kimi imicinin artmasına, eyni zamanda xarici turistlərin cəlb olunmasına, idman turizminin inkişafına müsbət təsir göstərir. Qədim və zəngin tarixə, mədəniyyətə sahib olan Azərbaycan həmişə qonaqpərvərliyi ilə seçilib. Beynəlxalq idman yarışlarında ölkəmizin tarixi abidələri, zəngin mədəniyyəti və mətbəxi, xalqımızın qədim adət-ənənələri qonaqlara təqdim olunaraq təbliğ edilir.
Fariz Hüseynov