Noyabrın 22-24-də Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Cinema” Mərkəzinin təşkilatçılığı ilə VII “START” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı keçiriləcək.
Kinofestivalda 16 ölkədən 100-ə yaxın müxtəlif janrlı film nümayiş olunacaq. Festivalın seçim komissiyasına Azərbaycan, Almaniya, Belçika, Polşa, Hindistan, Ukrayna, Rusiya, İran, Türkiyə, Gürcüstan, Latviya, Qazaxıstan, Moldova, Qırğızıstan, Özbəkistan və s. ölkələrdən filmlər daxil olub.
VII “START” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalının açılış mərasimi noyabrın 22-i 18.30-da Beynəlxalq Muğam Mərkəzində başlayacaq. Filmlərin nümayişi festival günlərində saat 11-dən 18-dək Kinematoqrafçılar İttifaqının Kino Evində keçiriləcək.
Festivalda Kann və Moskva kinofestivallarının mükafatçısı Rza Mir Kəriminin və Rusiyda yaşayan soydaşımız Rodion İsmayılovun fəxri qonaq qismində ustad dərslərinin təşkili də gözlənilir. Qeyd edək ki, “START” Tələbə Film Festivalını 2004-cü ildə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi təsis edib. Azərbaycanın ilk peşəkar rejissoru Səməd Mərdanovun adını daşıyan festival növbəti illərdə digər ölkələrin tələbələrini də özünə cəlb etməklə əhatə dairəsini genişləndirib. 2005-ci ildən festival beynəlxalq statuslu olub.