Azərbaycan
28 yanvar 1848 - Şair, tarixçi, pedaqoq Həsənəli xan Qaradaği (1848 - 2.12.1929) Şuşada doğulub. Rus şairi İvan Krılovun təmsillərini dilimizə tərcümə edib. Qori Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski ilə birgə azərbaycanlı şagirdlər üçün “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
28 yanvar 1923 - Yazıçılar Birliyinin (1934-cü ildən) orqanı olan “Azərbaycan” jurnalının ilk sayı çapdan çıxıb. Nəşrin ilk redaktoru Tağı Şahbazi Simurq olub. Jurnal 1923-1927-ci illərdə "Maarif və mədəniyyət” adı ilə nəşr edilib. Sonrakı illərdə "İnqilab və mədəniyyət", "Revolyusiya və kultura" və s. adlarla çıxıb. 1953-cü ildən “Azərbaycan” adlanır.
28 yanvar 1938 - Kinooperator, Əməkdar incəsənət xadimi Zaur Məhərrəmov Bakıda doğulub. “Uşaqlığın son gecəsi”, “Ad günü”, “Gözlə məni” və s. filmləri lentə alıb, sənədli filmlərin rejissorudur.
28 yanvar 1925 - Şair, dramaturq Adil Qafar oğlu Babayev (1925 - 19.8.1977) anadan olub.
28 yanvar 1944 - Xalq artisti Məzahir Həbulla oğlu Süleymanov Zərdab rayonunda anadan olub. “Mənim ağ şəhərim”, “Yük”, “Cavid ömrü” filmlərində çəkilib.
28 yanvar 1980 - Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın Çingiz oğlu Qaradağlı (20.8.1929 - 1980) vəfat edib.
28 yanvar 1985 - SSRİ Xalq artisti, rejissor, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918, Şuşa - 1985) vəfat edib. Milli Dram Teatrında rejissor işləyib. Quruluş verdiyi tamaşalar teatr tariximizdə əhəmiyyətli yer tutur. “Onu bağışlamaq olarmı?” filmində (Qaya) çəkilib.
29 yanvar 1926 - Sirk ustası, jonqlyor, illüzionist, Xalq artisti Xosrov Abdulla oğlu Abdullayev (29.1.1926 - 31.3.1980) Şamaxıda anadan olub. “Uşaqlığın son gecəsi”, “O qızı tapın” və s. filmlərdə çəkilib.
29 yanvar 1950 - Yazıçı-publisist, dramaturq Xeyrəddin Qoca anadan olub. “Hərənin öz payı...”, “Düzü-düz, əyrini-əyri”, “Toy olacaq...” və s. pyeslərin müəllifidir.
29 yanvar 1927 - Məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova (1927 - 20.2.1999) anadan olub. Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib, bu tədris ocağına rəhbərlik edib.
30 yanvar 1920 - Kinooperator Teyyub Axundov (1920 - 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.
30 yanvar 1936 - Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936 - 4.11.1990) anadan olub. “Vaqif”, “XVIII əsr Azərbaycan lirikası” monoqrafiyalarının müəllifidir.
30 yanvar 1992 - Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (1995-ci ildən ATƏT adlanır) üzv qəbul olunub.
30 yanvar 2006 - Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında” fərmanına əsasən Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilərək Mədəniyyət və Turizm Nazirliyi, habelə Gənclər və İdman Nazirliyi yaradılıb.
31 yanvar 1879 - Satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879 - 3.1.1927) Bakının Əmircan kəndində doğulub. "Molla Nəsrəddin", "Şeypur" və s. jurnallarda şeirləri dərc edilib. “Səfa” cəmiyyətinin yaradıcısı olub, cəmiyyətin nəzdindəki teatr üçün pyeslər yazıb, tərcümələr edib.
31 yanvar 1915 - Xalq artisti Vera Karlovna Şirye (1915-2003) anadan olub. Uzun illər Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.
31 yanvar 1884 - Görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884 - 6.3.1955, Ankara) Bakının Novxanı kəndində doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisidir, Cümhuriyyətin süqutundan sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib, jurnal və qəzetlər nəşr etdirib. “Əsrimizin Səyavuşu”, “Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi" və s. əsərlərin müəllifidir.
31 yanvar 1924 - Şair, Əməkdar incəsənət xadimi Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə; 1924 - 26.2.1996) Bakıda anadan olub.
31 yanvar 1963 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov, 26.3.1910 - 1963) vəfat edib. Teatr tamaşalarında (“Vaqif”, “Otello” və s.), kinoda (“Fətəli xan”, “Qara daşlar”, “Uzaq sahillərdə”, “Böyük dayaq”) unudulmaz obrazlar yaradıb.
Dünya
28 yanvar 1897 - Rus-sovet yazıçısı Valentin Petroviç Katayev (1897-1986) anadan olub. “Vaxtdır, irəli”, “Tənha yelkən ağarır”, “Alay oğlu” əsərləri əsasında eyniadlı filmlər çəkilib.
28 yanvar 1912 - Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollak (Paul Jackson Pollock, 1912-1956) anadan olub.
29 yanvar 1860 - Rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexov (1860 - 1904) Taqanroq şəhərində (Rostov vilayəti) doğulub. Əsərləri: “Qağayı”, “Albalı bağı”, “Vanya dayı”, “Üç bacı” (pyes), “Çöl”, “6 nömrəli palata”, “Mujiklər” (povest), “Buqələmun”, “Qılaflı adam” (hekayə) və s.
29 yanvar 1866 - Fransız yazıçısı, musiqişünas, ədəbiyyat üzrə Nobel mükafatı (1915) laureatı Romen Rollan (Romain Rolland; 1866 - 30.12.1944) anadan olub. Əsərləri: “Jan-Kristof” (10 kitabdan ibarət roman), “Canavarlar”, “İdrakın təntənəsi”, “Danton” pyesləri və s.
30 yanvar 1923 - Məşhur kinorejissor, SSRİ Xalq artisti Leonid Qayday (1923 - 19.11.1993) anadan olub. Populyar sovet kinokomediyalarının (“I əməliyyatı”, “Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Sportloto-82” və s.) müəllifidir.
30 yanvar 1928 - Amerika blüz musiqisinin tanınmış simalarından olan müğənni Rut Braun (Ruth Brown, 1928-2006) anadan olub.
31 yanvar 1797 - Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert, 1797-1828) anadan olub. Musiqidə romantizmin banilərindən biridir. “Alfonso və Estrella” operası, 9 simfoniya, çoxsaylı mahnı və romansların müəllifidir.
31 yanvar 1921 - Amerika opera müğənnisi, aktyor Mario Lansa (Mario Lanza - əsl adı Alfredo Arnoldo Cocozza; 1921-1959) anadan olub.
31 yanvar 1924 - Gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924-1994) anadan olub. Filmləri: “Mən, nənəm, İliko və İllarion”, “Yalvarış”, “Arzu ağacı”, “Tövbə” və s.
31 yanvar 1935 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1994) Kendzaburo Oe anadan olub. Əsərləri: “Şəxsi təcrübə”, “Müasirlərin oyunu”, “Həyatın qohumları”, “İki yüz yaşlı uşaq” və s.
Hazırladı: Vüqar Orxan