Dünya Turizm Təşkilatının Madriddəki qərargahında keçirilən toplantıda ölkəmiz də təmsil olunub
30-31 yanvar tarixində BMT-nin Dünya Turizm Təşkilatının (DTT) Madriddəki qərargahında “Turizm etikası üzrə Konvensiya”nın hazırlanması məqsədilə yaradılmış İşçi qrupunun ikinci iclası keçirilib.
İclasda DTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, eləcə də İşçi qrupuna daxil olan 16 ölkənin nümayəndələri qatılıb.
İclasda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Xatırladırıq ki, 2016-cı ilin 25 aprelində Madrid şəhərində keçirilən ilk iclasda Nazim Səmədov İşçi qrupunun sədri seçilib.
İkinci iclasda “Turizm etikası üzrə Konvensiya” layihəsinin müddəalarına baxılıb, İşçi qrupunun ilk iclasında əlavə edilmiş fikirlər yenidən təhlil olunub, eləcə də Dünya Turizm Təşkilatı Katibliyi tərəfindən təqdim edilmiş 2 əlavə bənd və müddəalar geniş müzakirəyə çıxarılıb. Bununla yanaşı, 2017-ci il ərzində Konvensiyanın qəbul edilməsi istiqamətində görüləcək işlər haqqında məlumatlar təqdim edilib.
Xatırladırıq ki, İşçi qrupunun əsas vəzifəsi Turizm Etikası üzrə Dünya Komitəsi ilə birgə işləyərək DTT-nin Turizm üzrə Qlobal Kodeksi əsasında hüquqi cəhətdən bütün üzv ölkələrə məcburi qaydada şamil oluna biləcək “Turizm etikası üzrə Konvensiya”nı hazırlayıb qurumun Baş Assambleyasına təqdim etməkdir.
Konvensiya turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirəcək. Bu, DTT-nin ilk konvensiya sənədi olacaq.
Fevralın 1-də İşçi qrupunun sədri Nazim Səmədov Turizm Etikası üzrə Dünya Komitəsinə 2-ci görüşün hesabatını təqdim edəcək.