Nazim Əliverdibəyovun 90 illiyinə həsr edilən yubiley gecəsi 

   Yanvarın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Nazim Əliverdibəyovun (1926-1985) 90 illiyinə həsr edilən yubiley gecəsi keçirildi. 
   Gecədə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək Nazim Əliverdibəyovun həyat və yaradıcılığından danışdı, onun eyni zamanda təcrübəli pedaqoq olduğunu vurğuladı. Bildirildi ki, görkəmli sənətkar uzun illər Bülbül adına Orta ixtisas musiqi məktəbinin direktoru olub. Bu gün də həmin məktəbdə onun idarəçilik sistemi, ənənələri yaşadılır. 
   O da diqqətə çatdırıldı ki, Şuşada, sonra da Azərbaycanda tanınan Əlverdibəyovlar nəsli Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr verib. Nazim Əliverdibəyov bu nəslin tanınmış nümayəndəsidir. O, Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarını yenidən orkestrləşdirib. Müxtəlif janrlarda musiqi əsərləri, o cümlədən “Cırtdan”, “Muğan” operalarını yazıb. N.Əliverdibəyov həm də Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. Tələbələrinə qayğı ilə yanaşaraq onlara öz həmkarı kimi baxıb.
   Çıxışdan sonra tədbirin bədii hissəsi başlandı. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında (dirijor Fuad İbrahimov, bədii rəhbər Xalq artisti Gülbacı İmanova) “Qəhrəmanlıq” uvertürası, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun “Bayatı-Şiraz” əsəri, Xalq artisti Zabit Nəbizadə, solistlər Leyla Muradzadə, Məmməd Muradzadənin ifasında “Şikəstə”, “Elegiya” və “Balet süitası” səsləndirildi. 
   
   Savalan Fərəcov