“Hamı üçün daha təhlükəsiz, açıq və dayanıqlı dünyanın qurulmasında turizmi səmərəli və 
   dinamik alətə çevirə bilərik”
   
   BMT-nin baş katibi Antonio Quterreş “Beynəlxalq davamlı turizm ili” münasibətilə dünya ictimaiyyətinə müraciət edib.
   Dünya Turizm Təşkilatının saytında yer alan müraciətdə turizmin iqtisadiyyatın sütunlarından birinə çevrildiyi, milyonlarla insanın həyatını yaxşılığa doğru dəyişmək gücündə olduğu bildirilir. Diqqətə çatdırılır ki, hər gün üç milyondan çox turist beynəlxalq sərhədləri keçir, hər il təxminən 1,2 milyard insan xarici ölkələrə gedir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin Gündəliyində yer alan 17 maddədən üçü turizmlə bağlıdır. Lakin turizm həyatın müxtəlif sahələri ilə əlaqədə olduğu üçün iqtisadiyyatın müxtəlif sektorlarını, sosial-mədəni istiqamətləri əhatə edir və bu baxımdan bütövlükdə Dayanıqlı İnkişaf Məqsədlərinin Gündəliyinə bağlıdır. Turizm, həmçinin cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar arasında qarşılıqlı anlaşma körpüsüdür.
   Müraciətdə vurğulanır ki, BMT Baş Assambleyasının 2017-ci ili dünyada “Beynəlxalq davamlı turizm ili” elan etməsi bu mühüm sektoru xeyirxahlıq gücünə çevirmək üçün əlverişli imkandır. Hamı üçün daha təhlükəsiz, açıq, çiçəklənən və dayanıqlı dünyanın qurulmasında biz turizmi səmərəli və dinamik alətə çevirə bilərik.