Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının proqnozlarına görə, beynəlxalq turizm sənayesinin davamlı inkişafı nəticəsində xarici turistlərin sayı ildə orta hesabla 43 milyon nəfər artmaqla, 2030-cu ilədək 1,8 milyard nəfərə çatacaq. Yeni yaranmış turizm mərkəzlərində xarici turistlərin sayı ənənəvi turizm mərkəzləri ilə müqayisədə 2 dəfə çox olacaq. Son bir neçə ildə inkişaf etməkdə olan ölkələrdə yaradılmış turizm mərkəzləri inkişaf etmiş ölkələrlə müqayisədə daha çoxdur. 
    Son illərdə ölkəmizdə də turizm sənayesində böyük layihələr icra olunub. Qarşıda duran əsas vəzifə turizmin davamlı inkişafına nail olmaqdır. 
   
   Strateji Yol Xəritəsindəki inkişaf istiqamətləri
   
   “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə sektorun inkişafının dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda yüksəkkeyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin təmin edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması xüsusi yer alıb. Sənəddə vurğulanır ki, milli iqtisadiyyatın inkişaf strategiyasında prioritet istiqamətlərdən biri kimi ixtisaslaşmış turizmin müəyyənləşdirilməsi turizmin inkişafı istiqamətində görülən işlərin davamlılığına xidmət etməklə yanaşı, Azərbaycanın cəlbedici turizm məkanı kimi qabaqcıl mövqe tutmasına imkan yaradacaq. 
   Ölkəmiz gözəl təbiəti, dənizi və çayları, qoruq və milli parkları, cəlbedici kənd əraziləri, özünəməxsus adət-ənənələri və mətbəx nümunələri ilə zəngin turizm resurslarına malikdir. Bütün bu sadalanan turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi üçün geniş potensialdır. Dünyadakı palçıq vulkanlarının, demək olar ki, yarısı ölkəmizdədir. Azərbaycan dünya üzrə bu cür cəlbedici məkanları olan 20 ölkədən biridir. Hazırda Azərbaycanda 9 milli park, 11 qoruq, 24 yasaqlıq fəaliyyət göstərir. Yeni ərazilərin yaradılması, bəzi ərazilərə qoruq, milli park statusu verilməsi istiqamətində də işlər gedir. Bu ərazilərin müəyyən hissəsi ekoturizmdə səmərəli və məqsədyönlü istifadə oluna bilər. 
   
   Kənd turizmi sektorun davamlı inkişafına töhfə ola bilər
   
   Dünya turizm sənayesində kənd turizmi də mühüm yer tutur. İri şəhərlərdən uzaqlaşıb sakit yaşıl guşədə istirahəti üstün tutan insanlar bu mühitin fiziki və psixoloji bərpaedici təsirlərindən faydalanırlar. Hazırda Azərbaycanın ayrı-ayrı regionlarında, o cümlədən kəndlərində turistlərə yerləşdirmə vasitələri və qidalanma növləri üzrə müxtəlif xidmətlər göstərilsə də, bu xidmətlər istənilən səviyyədə deyil. Kənd turizmini inkişaf etdirməklə fərdi sahibkarlıq vərdişlərinin aşılanmasına, kənd yerlərində kommunal xidmətlərin inkişafına, əhalinin, xüsusilə də qadınların məşğulluğunun artırılmasına nail olmaq mümkündür. Bu məqsədlə davamlı turizm potensialından istifadə ilə bağlı bir sıra məqsədyönlü tədbirlər həyata keçirilməlidir. 
   Strateji Yol Xəritəsinə uyğun olaraq Azərbaycanın ekoloji turizm potensialının araşdırılması və milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirəcək və bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlayacaq. Milli parkların Azərbaycan, ingilis, alman, fransız və rus dillərində xəritələrinin, “Azərbaycanda ekoturizm” albomu hazırlanması, ekoturizm üzrə internet portalının yaradılması məsələləri də nəzərdən keçiriləcək. Kəndlərdə mövcud olan bir sıra ənənələrin təbliğatı (çörəkbişirmə, xalçaçılıq) məqsədilə qısamüddətli kurslar təşkil edilməsi, eləcə də ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi üzrə tədbirlər görüləcək.
   Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən elan olunan “Beynəlxalq davamlı turizm ili”ndə beş mühüm sahədə - hərtərəfli və dayanıqlı iqtisadi inkişaf; sosial cəlbedicilik, məşğulluğun artırılması və yoxsulluğun azaldılması; təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolu təşviq ediləcək. Əlamətdar faktdır ki, bu il Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına Azərbaycan Respublikası sədrlik edəcək. 
   
   Fariz Hüseynov