Muzeydə musiqili tədbir keçirildi 
   
   Fevralın 2-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, G.Şaroyev adına 35 saylı 11 illik Musiqi məktəbi ilə birgə “Gəncliyin təbəssümü” adlı tədbir keçirildi.   
   2 fevral - Gənclər Gününə həsr edilən tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq respublikamızda gənclərə göstərilən diqqət və qayğıdan danışdı. Onu da diqqətə çatdırdı ki, gənclik ömrün yaradıcı çağıdır. Dünyanın bir çox görkəmli bəstəkarları ən gözəl əsərlərini gənc ikən yazıblar. Dahi Üzeyir Hacıbəyli “Leyli Məcnun” operasını 22 yaşında yazıb. Qara Qarayev, Fikrət Əmirov və digər bəstəkarlarımız gənc yaşlarında yazdıqları əsərlərlə şöhrət qazanıblar.
   Muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək Prezident Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildən 2 fevralın Gənclər Günü elan edilməsindən danışdı. Qeyd etdi ki, bu, Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının ən gözəl nümunəsi idi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.
   Sonra muzeyin əməkdaşı Zivər Məmmədova “Qara Qarayevin gənclik dünyası” mövzusunda çıxış edərək bəstəkarın zəngin yaradıcılığından bəhs etdi.
   Çıxışlardan sonra tədbirin bədii hissəsi təqdim olundu. Bakı Xoreoqrafiya Akademiyasının magistri Gülər Orucova, beynəlxalq müsabiqələr laureatı Tofiq Şıxıyev fortepianoda Q.Qarayevin “Tsarskoye selo heykəli” və “Prelüd” əsərini ifa etdilər. G.Şaroyev adına 11 illik Musiqi məktəbinin şagirdləri - beynəlxalq müsabiqə laureatları Fidan Tağıyeva, Jalə İslamova, Gülnaz Eldarlı, Maqsud Musazadə və başqaları fortepianoda bəstəkarlar T.Quliyevin “Qaytağı”, A.Bəbirovun “Prelüd-skertso”, S.Raxmaninovun “Etüd-lövhə”, F.Şopenin “Etüd-24”, E. Sabitoğlunun “Azərbaycan” əsərlərini ifa etdilər. 
   
   Savalan Fərəcov