Fevralın 1-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Allahyar Cavanşirovun anadan olmasının 110 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirildi. 
   Tədbiri yazıçı, şair, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı açaraq sənətkarın ömür yolundan, musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən danışdı. Bildirdi ki, Allahyar Aslan oğlu Cavanşirov 1907-ci ildə Şuşada dünyaya göz açıb. Kiçik yaşlarından el şənliklərində iştirak edib. O dövrün qrammofon vallarında böyük sənətkarları dinləyib. Beləliklə, onda musiqiyə dərin maraq yaranıb. Qısa müddət ərzində tar çalmağı öyrənib. 15 yaşından qardaşı - görkəmli xanəndə Xan Şuşinskini tarda müşayiət edib. Bu istedadlı qardaşların bənzərsiz ifaları xalq arasında maraqla qarşılanıb, şöhrətlərinin səsi-sorağı bütün Qafqazda yayılıb.
   A.Cavanşirov 1939-cu ildən 1969-cu ilədək Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. İkinci Dünya müharibəsi illərində tez-tez cəbhə bölgələrində olub, filarmoniyanın kollektivi ilə əsgərlər qarşısında maraqlı konsert proqramları ilə çıxış edib. O, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə maraqlı çıxışına görə fəxri fərmana layiq görülüb. 
   Tanınmış ifaçı görkəmli ədiblər Səməd Vurğun, Mirzə İbrahimov, maestro Niyazi və başqa mədəniyyət xadimləri ilə dostluq münasibətləri və yaradıcılıq əlaqələri saxlayıb. Allahyar Cavanşirov 1972-ci ildə, 65 yaşında vəfat edib. 
   Çıxışdan sonra söz musiqiyə verildi. “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər - Xalq artisti Fikrət Verdiyev) müşayiəti ilə xalq artistləri Gülyaz Məmmədova, Zabit Nəbizadə, əməkdar artistlər Sevinc Sarıyeva, Naxçıvan Muxtar Respublikanın Əməkdar artisti Ehtiram Hüseynov, gənc ifaçılardan Kamilə Nəbiyeva və başqalarının ifasında “Segah”, “Şur”, “Çahargah” təsnifləri, “Nə halətdir”, “Gecələr”, “Atam Süleyman” və s. mahnılar səsləndirildi.
   
   Savalan Fərəcov