Xalq artisti Polad Bülbüloğlu bütün nəsillərin sevimli bəstəkarı, müğənnisidir
   
   Fevralın 4-də görkəmli bəstəkar və müğənni, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür.
   Polad Bülbüloğlu hələ gənc yaşlarından Azərbaycanın və keçmiş SSRİ-nin sərhədlərinə sığmayan musiqisi, şöhrəti, qazandığı sevgi ilə milyonların könlünə yol tapan sənətkarlardandır. Dahi bəstəkar Qara Qarayevin sinfini bitirən Polad Bülbüloğlunun ilk qiymətini verənlərdən biri də müəllimi olmuşdur. 
   Azərbaycan musiqisinə rəngarəng incilər bəxş edən bəstəkar eyni zamanda ürəkləri fəth edən məlahətli səsi ilə də geniş şöhrət qazanmışdır. Bəstələdiyi mahnılar Müslüm Maqomayev, İosif Kobzon, Lev Leşşenko, Larisa Dolina və digər sənət ulduzlarının ifasında keçmiş ittifaqın müxtəlif yerlərində möhtəşəm səhnələrdə səslənmişdir. Amma, təbii ki, onun musiqi həyatı verdiyi nəğmələri özü kimi təsiredici, yaddaqalan, xoş ovqat yaradan ahəngdə heç kim ifa edə bilməz.
   Polad Bülbüloğlunun yaradıcılığı zəngin xəzinə kimidir. Bu xəzinə mənəvi sərvətdir - onun dəyərini isə xalq çoxdan verib. 
   Simfonik əsərləri, teatr tamaşalarına və filmlərə yazdığı musiqiləri... “Gəl, ey səhər” mahnısından “Eşq və ölüm” baletinə doğru ucalan bu zirvə bəstəkar ömrünün bar-bəhərindən soraq verir. “Eşq və ölüm” baletinin Rusiyanın paytaxtı Moskvada tamaşaya qoyulması isə son dövrlərdə Azərbaycan mədəniyyətinin böyük təntənələrindən idi. 
   2015-ci ildə Polad Bülbüloğlunun anadan olmasının 70 illik yubileyi öz Vətəni ilə yanaşı, Rusiya və Gürcüstanda da böyük təntənə ilə qeyd olundu. Bu yubiley tədbirləri insanların sənət və sənətkara verdiyi qiymət, ona olan sevgisinin etirafı idi. Həmin il Prezident İlham Əliyevin sərəncamı ilə sənətkar "Şərəf" ordeni ilə təltif edildi. Azərbaycanın ali təltiflərindən olan “İstiqlal” ordeninə, Xalq artisti fəxri adına layiq görülən sənətkar istər musiqiçi, istərsə də ictimai xadim və dövlət adamı kimi hər zaman milli mədəniyyətimizə qəlbən bağlı insandır. 2006-cı ilədək, 18 il ərzində respublikanın mədəniyyət naziri kimi fəaliyyətində də bunu təsdiq edib. Artıq 11 ildir ki, ölkəmizin Rusiyada səfiri kimi diplomatik fəaliyyətində də Azərbaycan mədəniyyətinin təbliğinə hər zaman xüsusi önəm verir.
   2007-ci ildə Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunmuş, Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən “Müqəddəs Knyaz Nevski” mükafatına layiq görülmüşdür. Bütün bunlar Polad müəllimin şəxsiyyətinə və sənətinə rəğbət bəsləyənlərin, qiymət verənlərin nə qədər geniş coğrafiyanı əhatə etdiyini göstərir.
   2016-cı ilin may ayında görkəmli musiqiçiyə daha bir mükafat yaxın dostu, məşhur heykəltəraş və rəssam Zurab Seretelli tərəfindən verildi. Heykəltəraşın “Mənim müasirlərim” adlı heykəllər silsiləsindən Polad Bülbüloğlunun abidəsinin açılışı sənətsevərlərə əsl hədiyyə oldu. 
   1994-cü ildən 2006-cı ilədək TÜRKSOY-a (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) sədrlik edən Polad Bülbüloğlu qardaş xalqların mədəni əlaqələrinin genişlənməsi sahəsində mühüm işlər görmüş, bütün türk dünyasında böyük hörmət və rəğbət qazanmışdır.
   ...İllər öncə Polad Bülbüloğlunun bizim gəncliyimizin sevimli bəstəkarı, müğənnisi olduğunu düşünürdüm. Bu düşüncələrimdən uzun illər ötür və indi bu qənaətdəyəm k, o, bütün nəsillərin, yaxın və uzaq gələcəyin bənzərsiz musiqi xadimidir. Çünki biz “Gəl, ey səhər”i dünən hansı sevgi ilə dinləyirdiksə, bu gün də eyni şövqlə ona qulaq asırıq. Onun digər bəstələri, kinofilmlərdəki (“Babək”, “İstintaq davam edir”, “Uşaqlığın son gecəsi”, “Qorxma, mən səninləyəm!” və s.) ecazkar musiqiləri, illər öncə olduğu kimi, bu gün də sonsuz maraqla dinlənilir, sevilir. Bax buna əsl sənətkar xoşbəxtliyi deyilir. 
   Yaradıcılığı ilə hər kəsi işıqlı sabahlara çağıran, inandıran sevimli sənətkarımızı doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
   
   Lalə Azəri