2016-cı ildə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Bu, 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur.
Ötən il ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22.5 faiz), Türkiyə (13,9 faiz) və İran (10.9 faiz) vətəndaşları çoxluq təşkil edib.
Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.
Körfəz və Yaxın Şərq ölkələri ilə yanaşı, ümumilikdə Asiya qitəsi, Afrika ölkələri, Amerika və Avstraliyadan gələnlərin sayında da artım olub.
Qeyd edək ki, ölkəmizə turist axınının artmasında elektron viza sisteminin tətbiqi əhəmiyyətli rol oynayır. Bu baxımdan “ASAN Viza” portalının yaradılması xüsusi qeyd olunmalıdır. Ötən il dekabrın 16-da təqdimatı keçirilən “ASAN Viza” portalı (www.evisa.gov.az) 2017-ci il yanvarın 10-dan etibarən test rejimindən çıxaraq tam istifadəyə verilib.
“ASAN Viza” portalından indiyədək 5 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov məlumat verib. O qeyd edib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.