Bakı şəhəri, Bakıətrafı qəsəbələr və Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında minimum 1 milyon manat investisiya qoymaqla mehmanxana, minimum 500 min manat investisiya qoymaqla əyləncə xidməti obyektləri və minimum 100 min manat investisiya qoymaqla iaşə xidməti obyektləri tikəcək fiziki və hüquqi şəxslər investisiya təşviqi sənədi ala biləcəklər.
Bu məsələ ölkə başçısının 31 yanvarda imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərmanda əksini tapıb.
Fərmana əsasən, Bakı şəhəri, Bakıətrafı qəsəbələr və Abşeron rayonu istisna olmaqla, minimum 100 min manat investisiya qoymaqla hostel, minimum 2 milyon manat investisiya qoymaqla 2 və 3 ulduzlu yerləşdirmə vasitələri tikəcək fiziki və hüquqi şəxslər də investisiya təşviqi sənədi ala biləcəklər.
İnvestisiya təşviqi sənədi almış fərdi sahibkarlara müvafiq vergi güzəştləri ediləcək. Belə ki, sahibkarın həmin sənədi aldığı andan əldə etdiyi gəlirin, hüquqi şəxsin həmin sənədi aldığı andan əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə gəlir vergisindən azad edilir. Sərmayədar həmçinin 7 il müddətinə əmlak vergisi və torpaq vergisi ödəməkdən azad olacaq.