Safari - macəra və gerçəklər
Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Bu turizm növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. Safari sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, səyahət etmək, yolçuluq, gəzinti anlamına gəlir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində, Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilib.
Bu gün safari turizmi ovçuluq və ya foto-ovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə qarşı-qarşıya qoyduğu üçün son dövrlər təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf foto-safarilərə istiqamətləniblər. Foto-safariləri bədii dillə “sakit ov” da adlandırırlar.
Şamaxıda safari parkı yaradılacaq
Azərbaycanda da foto-safari turlarının həyata keçirilməsi üçün geniş imkanlar var. Ölkəmizin müxtəlif guşələrindəki xüsusi mühafizə olunan təbiət əraziləri (milli parklar, qoruqlar) xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər. Ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bununla bağlı məsələlər də yer alıb.
Strateji Yol Xəritəsində qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirərək, bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlayacaq. Yaradılacaq marşrutlar üzrə əlverişli fəaliyyət cədvəli tərtib ediləcək. Buraya milli parklarda potensial turizm kampinq yerlərinin müəyyən edilməsi və işlənib hazırlanması üzrə də təkliflərin irəli sürülməsi daxildir. Təhlil nəticəsində məqsədəuyğun hesab edilərsə, bu kampinq yerlərinin işlədilməsi özəl operatorlara da həvalə oluna bilər.
Sənəddə Şamaxı Safari Parkının yaradılacağı da qeyd olunub. Bildirilir ki, Mədəniyyət və Turizm Nazirliyi 2017-2020-ci illər ərzində safari parkının yaradılması və təşviqini təmin edəcək. Nəzərə alsaq ki, bu gün safari turizminin ən öndə gedən müştəriləri inkişaf etmiş Avropa ölkələrinin vətəndaşlarıdır, onda Azərbaycanda bu turizm növünü inkişaf etdirməklə böyük gəlirlər əldə oluna bilər.
Safari parkında hansı heyvanları görə biləcəyik?
Bu sualımızı Bakı Zooparkının direktoru Azər Hüseynov cavablandırdı. Mütəxəssis hesab edir ki, yaradılacaq safari parkında ölkəmizin təbiətinə uyğunlaşa bilən heyvanların saxlanılması və onların yemlənməsi ilə bağlı məsələlərə diqqət yetirilməlidir: “Şamaxıda ilin qış fəslində havalar soyuq keçir. Qarlı və yağışlı günlərin də sayı çoxdur. Odur ki, isti ölkələrin heyvanlarını gətirib saxlamaq problem olar. Onlar üçün xüsusi yerlər lazımdır. Həmin heyvanların bəziləri bizim təbiətə çətin uyğunlaşır. Həm də o heyvanların yemlənməsi də çox baha başa gələ bilər. Ona görə də Şamaxının təbiətinə uyğun, oradakı otlarla qidalana bilən heyvanların saxlanılması məqsədəuyğundur”.
Azər Hüseynov bildirir ki, safari parkında yalnız bizim faunaya uyğun heyvanlar saxlanıla bilər. Orda təbii şəraitdə saxlanan heyvanlar, bizim otyeyən məməlilər - cüyürlər, marallar, xallı maral, Altay maralı, muflonlar, kirpilər, porsuqlar yaşaya bilər. Ayılar onsuz da orda var. Onlar üçün gərək xüsusi yer ayrılmalıdır ki, problem olmasın. Həm də parkın sərhədləri məhdudlaşdırılmalıdır ki, heyvanlar park ərazisindən kənara çıxmasınlar”.
Həmsöhbətim onu da qeyd etdi ki, dəvəquşu, kenquru kimi heyvanlar da Şamaxının təbiətinə uyğunlaşa bilər. Ancaq həmin heyvanların saxlanılması üçün xüsusi yerlər hazırlanmalıdır.
Fariz Hüseynov