Fevralın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin anadan olmasının 99-cu ildönümü münasibətilə konsert proqramı təqdim olundu. Konsert Mədəniyyət və Turizm Nazirliyi və filarmoniyanın birgə təşkilatçılığı ilə gerçəkləşdi. 
   Gecədə çıxış edən musiqişünas Nərgiz Kərimova bəstəkarın yaradıcılığına geniş nəzər saldı. Bildirdi ki, Qara Qarayev ənənədən yaradıcı tərzdə bəhrələnərək musiqinin yeni formalarını yaradıb, inkişaf etdirib: “Qara Qarayevin Azərbaycan mədəniyyətinə XX əsrin ortalarından başlayaraq musiqi dili ilə gətirdiyi yeniliklər onu dünya səviyyəsinə qaldıraraq bəşəriyyətin ən öndə gedən sənətkarları sırasına çıxardı. Gənc yaşlarından istedadının gücünə güvənərək dünya səviyyəli bəstəkarlarla əməkdaşlıq edən, Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi dahilərdən dərs alan Qara Qarayev yeni bir məktəbin əsasını qoyub”.
   Vurğulandı ki, Q.Qarayev görkəmli bəstəkar olmaqla yanaşı, həm də bənzərsiz pedaqoq idi. O, neçə-neçə istedadlı tələbə yetişdirərək Azərbaycan bəstəkarlıq məktəbinə böyük töhfələr verib. Onun musiqi mədəniyyətimizdə açdığı yol bu gün də davam və inkişaf etdirilir.
   Daha sonra tədbir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin konsert proqramı ilə davam etdi. Şagirdlərin ifalarını Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edirdi.
   Proqramda Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, Fikrət Əmirovun "Şeyx Sənan" (Hüseyn Cavid) tamaşasına yazdığı “Kor ərəbin mahnısı”, Nazim Əliverdibəyovun “Elegiya”, Vasif Adıgözəlovun “Fortepiano və xalq çalğı alətləri üçün konsert” (I hissə), “Laylay”, Süleyman Ələsgərovun “Daimi hərəkət”, “Qanun üçün poema”, Hacı Xanməmmədovun “Kamança və orkestr üçün konsert” əsərləri ifa olundu. Həmçinin İ.S.Baxın “Zarafat”, V.Montinin “Çardaş” əsərləri səsləndirildi. 
   Qeyd edək ki, fevralın 7-də Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayevin xatirəsinə həsr olunmuş daha bir konsert keçirilib. Gecədə Q.Qarayev adına Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor - Teymur Göyçayev) çıxış edib.
   
   Fariz Hüseynov