İki ölkənin xarici turistlər üçün birgə turizm paketləri hazırlaması təklif olunub
   
   Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstan Turizm Sənayesi Departamentinin direktoru Marat İgaliyev ilə görüşüb. Görüşdə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə söhbət açılıb.
   Bakının dünyanın cəlbedici şəhərlərindən birinə çevrilməsinin təqdirəlayiq olduğunu bildirən M.İgaliyev Azərbaycanın bir turizm məkanı kimi nüfuzunun gündən-günə artdığını, turizmin təşviqi ilə bağlı ölkəmizin təcrübəsinin Qazaxıstan üçün maraqlı olduğunu deyib. O, həmçinin, Azərbaycanın “Formula-1”, birinci Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etdiyini söyləyib. Bu baxımdan “Astana EXPO-2017” beynəlxalq sərgisində Qazaxıstanın turizm potensialının təşviqi üçün Azərbaycan tərəfinin tövsiyələrindən faydalanmağın müsbət nəticələr verə biləcəyi qeyd edilib.
   Səfir R.Məmmədov öz növbəsində Azərbaycanda turizm sahəsində əldə edilən uğurlar, yaradılan infrastruktur və bu istiqamətdə aparılan geniş təbliğat işləri barədə məlumat verib. O, bu sahənin inkişafının ölkə iqtisadiyyatında oynadığı roldan danışıb, turizmin müxtəlif mədəniyyətlərə və köklərə mənsub insanlar arasında sülh və dostluğa xidmət etdiyini vurğulayıb. Qardaş xalqlar arasında əlaqələrin daha da yaxınlaşmasını təmin etmək üçün turizm səfərlərinin təşviqi məqsədilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıqdan söz açılıb.
   Görüşdə Qazaxıstandan ölkəmizə turizm səfərlərinin 2016-cı ildə 14,8 faiz artdığı bildirilib. Eyni zamanda azərbaycanlı turistlərin də Qazaxıstana səfərlərinin təmin edilməsi üçün geniş imkanların mövcud olduğu bildirilib, bu istiqamətdə Azərbaycan tərəfinin əməkdaşlığa hazır olduğu qeyd edilib.
   Səfir xarici turistlər üçün birgə turizm paketlərinin hazırlanmasının əhəmiyyətindən də danışıb. Bu istiqamətdə iki ölkənin turizm sahəsi ilə məşğul olan qurumları, agentliklər və assosiasiyalar arasında əməkdaşlıq əlaqələrinin qurulması təklif olunub.
   Qazaxıstan Turizm Sənayesi Departamentinin direktoru ölkəmizdə istifadəyə verilən “ASAN viza” sisteminə xüsusilə maraq göstərdiklərini, onun Qazaxıstanda da tətbiqi imkanlarının nəzərdən keçiriləcəyini bildirib. Xarici turistlər üçün birgə turizm paketlərinin hazırlanması ilə bağlı təklif də maraqla qarşılanıb və bunun müsbət nəticələr verə biləcəyi diqqətə çatdırılıb. 
   M.İgaliyev Qazaxıstanın bu sahədə təcrübəsindən danışaraq, “Astana EXPO-2017” sərgisi zamanı Çindən təxminən 300 min turistin ölkəsinə səfər edəcəyini proqnozlaşdırdığını bildirib. O, həmçinin “Astana EXPO-2017” beynəlxalq sərgisi zamanı elan ediləcək açıq səma rejimi haqqında da məlumat verib və belə rejimin Astanaya müxtəlif ölkələrdən birbaşa reyslərin artmasına imkan verəcəyini deyib, Azərbaycan tərəfini də bu imkanlardan yararlanmağa dəvət edib.
   Səfir R.Məmmədov Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizdə fəaliyyət göstərən turizm assosiasiyaları ilə birbaşa əlaqələrin yaradılması işində kömək göstəriləcəyini vurğulayıb, qarşı tərəfə bu məqsədlə respublikamıza səfər edərək, aidiyyəti qurumlarla müzakirələr aparmağı təklif edib.