Türkiyənin İstanbul şəhərində təşkil olunan 15-ci Beynəlxalq Kulinariya Çempionatı çərçivəsində keçirilən universitetlərarası yarışmaya yekun vurulub. Çempionatda dünyanın 25 ölkəsindən 2000 nəfər iştirak edib. Onların arasında Azərbaycan Turizm və Menecment Universiteti Xidmət mühəndisliyi fakültəsinin qida məhsulları mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi Çinarə Hacıyeva da olub. 
   Çinarə Hacıyeva Azərbaycan xalqının mətbəx mədəniyyətinə aid bir neçə ləziz təam hazırlayaraq nümayiş etdirib. ATMU-nun tələbəsi “balıq yeməyi” üzrə qızıl, “əsas yemək” üzrə gümüş medal qazanıb. Çinarə Hacıyeva Mövlanə mübadilə proqramının məzunudur.
   Onu da qeyd edək ki, fevralın 9-da Azərbaycan Milli Kulinariya Assosiasiyası kulinarlarımızın İstanbuldakı çempionatda uğurlu iştirakı ilə bağlı mətbuat konfransı keçirəcək.
   
   Fariz Hüseynov