“Turizm etikası üzrə Konvensiya”nın hazırlanması üzrə İşçi qrupunun rəhbəri Nazim Səmədovun hesabatı dinlənilib
   
   Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 30-31 yanvar tarixində BMT Dünya Turizm Təşkilatının (DTT) Madriddəki qərargahında “Turizm etikası üzrə Konvensiya”nın hazırlanması üzrə İşçi qrupunun ikinci iclasında iştirak edib. Xatırladaq ki, 2016-cı ilin 25 aprel tarixində Madriddə keçirilən ilk iclasda Nazim Səmədov İşçi qrupunun sədri seçilib.
   Fevralın 1-də qurumun qərargahında Turizm Etikası üzrə Dünya Komitəsinin 18-ci iclası keçirilib. İclasın əsas məqsədi İşçi qrupunun ilk iki görüşünə dair hesabatların dinlənilməsi, eləcə də növbəti görüşlərə dair müvafiq rəy və təkliflərin verilməsi olub.
   Toplantıda DTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, komitənin üzvləri və İşçi qrupunun rəhbəri Nazim Səmədov iştirak edib.
   İclasda nazir müavini İşçi qrupunun ilk iki görüşünə dair hesabatları təqdim edib. Qrupun fəaliyyəti, görüşlər zamanı təklif edilən əsas müddəalar, “Turizm etikası üzrə Konvensiya”nın layihəsinə edilmiş əsas dəyişikliklər və gələcəkdə atılacaq addımlar haqqında ətraflı məlumat verilib.
   Hesabat təqdim edildikdən sonra nazir müavini komitə üzvlərinin qrupun fəaliyyətinə dair suallarını cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb.
   Qeyd edək ki, “Turizm etikası üzrə Konvensiya” turistlərin hüquqlarının qorunması, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, turizmin davamlı inkişafda oynadığı rol və digər mühüm müddəaları özündə əks etdirərək, Dünya Turizm Təşkilatının ilk konvensiya sənədi olacaq.