"Forbes" jurnalı «Qremmi» nominasiyasına iddialı olan dünyanın ən yüksək gəlirli ulduzlarının siyahısını açıqlayıb. Ekspertlər 2016-cı il ərzində ən nüfuzlu musiqi mükafatına iddialı olan dünya şöhrətli müğənnilərin gəlirlərini araşdırıblar.
Britaniya müğənnisi Adel 80,5 milyon dollar qazanc əldə edərək reytinqdə birinci olub. İkinci pillədə 75 milyon dollar gəlir əldə edən amerikalı ulduz Rihanna qərarlaşıb. Üçüncü pillədə 56,5 milyon dollar qazancla əfsanəvi ser Pol Makkartni yer alıb.
Dördüncü pilləni amerikalı kantri-artist Kenni Çesni və kanadalı pop ulduz Castin Biber bölüşüblər (hərəyə 56 milyon dollar). Beşinci pillədə ötən il 55 milyon dollar qazanmış müğənni The Weeknd (Kanada) qərarlaşıb.
Məşhur ulduz Beyonce və həyat yoldaşı Jay-Z yeddinci, səkkizinci yerləri tutublar (54 milyon və 53,5 milyon dollar).
İlk onluğu 41 milyon dollar gəlir əldə edən Dr. Dre və 38,5 milyon dollar qazanc əldə etmiş Dreyk qapayır.
Qeyd edək ki, Amerikanın “Forbes” nəşri sənətçilərin reytinqini 1999-cu ildən tərtib edir. Reytinqin hazırlanması zamanı Nielsen şirkətinin, bilet satışı üzrə “Pollstar” şirkətinin və Box Office Mojo və IMDB saytlarının məlumatlarına əsaslanan gəlir qiymətləndirmələri nəzərə alınır.
İlona Qubadova