2017-ci il ölkəmizin musiqi mədəniyyətində əlamətdar hadisələrlə zəngindir. Bu il dövlət başçısının sərəncamlarına əsasən tanınmış bəstəkarlar, xalq artistləri Cövdət Hacıyev və Tofiq Quliyevin anadan olmasının 100 illiyi qeyd ediləcək. Azərbaycan Bəstəkarlar İttifaqı hər iki sənətkarın xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirməyi nəzərdə tutur.
Bəstəkarlar İttifaqından verilən məlumata görə, görkəmli musiqi xadimlərinin yubileyləri münasibətilə konsertlər, onların yaradıcılığına həsr olunmuş konfranslar keçiriləcək.
Bununla yanaşı, dahi bəstəkar və pedaqoq Qara Qarayevin 2018-ci ildə qeyd olunacaq 100 illiyi ərəfəsində də Bəstəkarlar İttifaqı konsertlər və elmi konfranslar keçirməyi nəzərdə tutur. Son illərdə Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert zalında müntəzəm olaraq “Azərbaycan bəstəkarlarının əsərləri gənc ifaçıların təqdimatında” layihəsi üzrə silsilə konsertlər keçirilir. Bu il ərzində keçiriləcək həmin silsilə konsertlərin proqramları yubilyar-bəstəkarların yaradıcılığına əsaslanacaq. Artıq hazır olan musiqişünaslıq işləri musiqi ictimaiyyətinə təqdim olunacaq, həmçinin Qara Qarayevin yaradıcılığına həsr olunmuş yeni musiqi-nəzəri işlərin yaradılması təşəbbüsü irəli sürüləcək.