Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq incəsənət məktəbində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun (1922-1984) anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Bildirilib ki, F.Əmirov zəngin yaradıcılığı ilə musiqimizin inkişafında yeni mərhələ açıb, əsərləri ilə dünya musiqisinə əvəzsiz töhfələr verib. O, “Şur” və “Kürd ovşarı” simfonik muğamları, “Sevil” operası, “Nəsimi dastanı”, “Nizami” baletləri, məşhur mahnılar, tamaşalara və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Bəstəkar 1979-cu ildə ona dünya şöhrəti qazandıran “Min bir gecə” baletini yazıb.
Sonra məktəbin müəllim və şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər. Tədbir Fikrət Əmirovun əsərlərinin səsləndirilməsi ilə başa çatıb.