Los-Ancelesdə “Qremmi”, Londonda BAFTA mükafatları sahiblərini tapdı
Fevralın 12-də Los-Ancelesdə Amerika Səsyazma Akademiyasının "Qremmi" mükafatının sahibləri elan edilib. Dünyanın ən nüfuzlu musiqi mükafatının 59-cu təqdimat şousu maraqlı hadisələrlə yadda qalıb.
Tədbir Adelin “Hello” mahnısı ilə başlayıb. Bu mahnıya görə ingiltərəli müğənni əsas rəqibi - amerikalı Beyonsu qabaqlayaraq "Qremmi" mükafatının bütün əsas kateqoriyaları üzrə - "İlin bəstəsi" ,"İlin mahnısı" və "İlin ən yaxşı pop vokal performansı" nominasiyalarında qələbə qazanıb.
Adel həmçinin, «Ən yaxşı albom» və «Ən yaxşı pop vokal albomu» («25») nominasiyalarında birinci olub. Beləliklə, müğənni 5 nominasiyada qalib gəlib.
Doqquz nominasiyaya irəli sürülən Beyons isə yalnız 2 dəfə - "Ən yaxşı musiqi videosu" ("Formation") və "Ən yaxşı çağdaş urban albomu" (“Lemonade”) - sevinib.
2016-cı ilin yanvarında vəfat edən Devid Boui «Ən yaxşı rok müğənnisi» və «Ən yaxşı alternativ musiqi albomu» («Blackstar») mükafatlarına layiq görülüb.
«Ən yaxşı R&B çıxışı» nominasiyasında Solanc Noulz («Cranes In The Sky») fərqlənib.
Reper «Chance The Rapper» ilk "Qremmi" mükafatını qazanıb. 23 yaşlı çikaqolu musiqiçi «Ən yaxşı sənətçi» mükafatı da daxil olmaqla 3 nominasiyada qalib olub.
«Ən yaxşı pop vokal duet/qrup ifası» nominasiyasında gözlənilməz olaraq «Twenty One Pilots» qrupu «Stressed Out» mahnısı ilə qalib gəlib.
“Film üçün ən yaxşı mahnı” nominasiyasında Castin Timberleyk (“Can't Stop The Feeling”) mükafat qazanıb.
Rusiyalı opera müğənnisi Nikolay Didenko ən yaxşı xor ifasına görə mükafatçılar sırasına düşüb. Bu kateqoriyada Varşava Filarmoniya Orkestri və Xoru, dirijor Kşiştof Penderetski və vokalçı Didenkonun birgə yazdırdığı “Penderecki Conducts” albomu qalib olub.
Rusiyalı opera ulduzu, azərbaycanlı vokalçı Yusif Eyvazovun həyat yoldaşı Anna Netrebko “Ən yaxşı klassik solo vokal albomu” nominasiyasında “Qremmi”yə iddia etsə də, bu kateqoriyada mükafatı İen Bostric (“Shakespeare Songs” albomu) və Doroteya Reşmann (“Schumann & Berg”) bölüşüblər.
* * *
Fevralın 12-də Londonda isə kino dünyasının nüfuzlu mükafatlarından olan Britaniya Kino və Televiziya Sənətləri Akademiyası (The British Academy of Film and Television Arts - BAFTA) mükafatının 70-ci təqdimat mərasimi keçirilib.
Gözlənildiyi kimi, amerikalı rejissor Demen Şazellin “La-La-Lend” musiqili filmi “Ən yaxşı film” nominasiyasında qalib olub. Filmdə rol alan Emma Stoun “Ən yaxşı aktrisa”, Demen Şazell “Ən yaxşı rejissor” nominasiyasında qalib gəliblər. Eləcə də film “Ən yaxşı saundtrek”, “Ən yaxşı operator işi” kateqoriyalarında mükafat qazanıb.
“Ən yaxşı aktyor” nominasiyasında mükafatın qalibi “Dəniz sahilindəki Mançester” dramında çilingəri canlandırmış Keysi Afflek layiq görülüb.
Ən yaxşı ikinci plan aktrisası Viola Devis (“Hasarlar”) və “Ən yaxşı ikinci plan aktyoru Dev Patel (“Şir”) seçiliblər.
Qeyd edək ki, BAFTA müsabiqəsi “Qızıl qlobus”un (yanvarda təqdim olunub) ardınca “Oskar” mükafatının son müjdəçisi sayılır. Bu mükafatların hər ikisini qazanan “La-La-Lend” müziklinin fevralın 26-da keçiriləcək “Oskar” mərasimində neçə heykəlciyə sahib olacağı maraqla gözlənilir.
İlona Qubadova