Ənənəvi tədbirdə müxtəlif ölkələrdən 50-dən artıq turizm şirkəti iştirak edib
Fevralın 16-da “JW Marriott Absheron” hotelində lüks turizm peşəkarlarının “B2B Luxury & MICE Workshop” çərçivəsində növbəti görüşü keçirildi. Böyük Britaniyanın “TMI Consultancy” şirkətinin Azərbaycandan olan tərəfdaşları ilə birgə təşkil etdiyi tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizdə 6-cı dəfədir reallaşır.
“Biznes üçün biznes” (Business-to-business - B2B) formatlı görüşdə Azərbaycanın aparıcı turizm şirkətlərinin və müxtəlif ölkələrin hotel, turoperator və turizm təşkilatlarının təmsilçiləri iştirak edirdi.
Tədbirdə əvvəlcə təşkilatçıların xüsusi olaraq xarici qonaqlar üçün hazırladıqları Azərbaycan turizm bazarı ilə bağlı təqdimat keçirildi. Ölkəmizdə turizmin müxtəlif növləri, o cümlədən sağlamlıq turizmi mərkəzləri, termal turizm imkanlarımız haqqında məlumat verildi.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov “Workshop” çərçivəsində keçirilən görüşləri yüksək dəyərləndirdi. Bildirdi ki, belə tədbirlər Azərbaycanda turizm infrastrukturunun mövcud standartlara uyğunlaşdırılması, xarici turistlərin ölkəmizə axınının təmin edilməsi və qarşılıqlı əlaqələrin inkişafı baxımından əhəmiyyət kəsb edir: “Bu tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşlarına xarici lüks hotellərdə münasib qiymətlərə istirahət etməyə imkan yaradılmasıdır. Eyni zamanda qarşılıqlı turist səfərlərinin artmasında bu tipli görüşlər mühüm rol oynayır. Düşünürəm ki, belə görüşlər bizim turizm şirkətləri üçün də böyük təcrübədir. Yerli turoperatorlar xarici həmkarları ilə əlaqələr qurur, həm onların məhsulları ilə tanış olur, həm də Azərbaycanın lüks turizm imkanlarını təqdim edirlər”.
B.Qılıncov vurğuladı ki, əgər ötən il keçirilən tədbirdə 35-ə yaxın turizm şirkəti iştirak edirdisə, budəfəki görüşdə 50-dən artıq turizm şirkəti öz imkanlarını təqdim edir.
“TMI Consultancy” şirkətinin meneceri Mariya Qorbaçova bildirdi ki, lüks və işgüzar (MICE) turizm üzrə görüş Bakıda artıq ənənəvi olaraq təşkil edilir və ildən-ilə iştirakçıların sayı artır. Bu isə onu göstərir ki, Azərbaycanın turizm bazarına xarici ölkələrdə maraq artmaqdadır. Belə tədbirlərin Azərbaycanda mütəmadi təşkil olunması lüks turizmin inkişafına da müsbət təsir göstərəcək.
Qeyd olundu ki, “B2B Luxury & MICE Workshop” formatlı daha bir tədbir fevralın 14-də Qazaxıstanın Almatı şəhərində gerçəkləşib. Fevralın 18-də isə Gürcüstanın paytaxtı Tbilisidə ilk dəfə olaraq “B2B Luxury & MICE Workshop” keçiriləcək. Ümumilikdə il ərzində dünyanın müxtəlif şəhərlərində belə tədbirlərin təşkil olunması nəzərdə tutulur.
Tədbir daha sonra aparıcı turizm agentliklərinin nümayəndələri, ekspertlərlə sual-cavab formatında davam etdi, yerli turizm şirkətləri ilə xarici ölkə nümayəndələri arasında işgüzar görüşlər keçirildi. Turist mübadilələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, budəfəki “Workshop”da ilk dəfə “Grecotel” (Yunanıstan), “Kilit Hospitality Group” (Türkiyə) və “Vichy Celestins Spa Hotel” (Fransa) kimi məşhur hotellər qrupu iştirak edir. Həmçinin tədbirə ilk dəfə Baden-Vürtenberq (Almaniya) regionunun turizm üzrə ofisi, “Travel Central” (Sinqapur) və “TIME Europe” (Almaniya) turoperatorları, “Intercontinental Hotel Vienna” (Avstriya) nümayəndələri qatılıb.
Sloveniyanın “Grand Hotel Sava Rogashka”, “Lifeclass Hotels & Spa” kimi hotel və terminal kurortları, İspaniyanın Kosta Blanka (Benidorm) regionu üzrə turizm ofisi və “Viajes Ancodes” turoperatoru, İtaliyanın “Duetorrihotels group” hotelləri, Xorvatiyanın “Losinj Hotels & Villas” hotelləri də Bakı görüşünün ənənəvi iştirakçıları arasındadır.
F.Hüseynov