Azərbaycan
   
   17 fevral 1920 - Dilçi-filoloq, professor, Əməkdar elm xadimi Əlövsət Zakir oğlu Abdullayev (1920-1993) anadan olub.
   17 fevral 1926 - Xalq artisti Sofiya Həsən qızı Hüseynova (1926 - 30.7.2015) Naxçıvanda doğulub. Naxçıvan teatrının ilk azərbaycanlı aktrisası Xədicə Qazıyevanın qızıdır, uzun illər bu sənət ocağında çalışıb. 
   17 fevral 1934 - Yazıçı, dramaturq, jurnalist Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyev; 1934-1986) Ucar rayonunda (əslən Ermənistanın Sisyan rayonunun Ağudi kəndindəndir) anadan olub. Əsərləri: “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “İnsan yaşayır” (povest), “Qızıl zəncir”, “Yol ayrıcında” (pyes).
   17 fevral 1947 - Əməkdar artist Əlvida Məhərrəm oğlu Cəfərov Cəbrayıl rayonunun Qaracallı kəndində doğulub. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
   17 fevral 1958 - Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (1893-1958) vəfat edib. Milliyyətcə Krım türküdür, Krım Muxtar Respublikasının Xalq artisti olub. 1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. "Kəndlilər", "Səbuhi", "Bəxtiyar" filmlərində epizodik rollar oynayıb.
   17 fevral 1992 - Erməni silahlı qüvvələri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Xocavənd (Martuni) rayonunun Qaradağlı kəndini işğal edib, dinc əhaliyə qarşı amansız qırğın törədiblər. Kəndin 70-dək sakini qətlə yetirilib.
   
   18 fevral 1201 - Böyük riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi (1201 - 23.6.1274) Həmədan şəhərində anadan olub (bəzi mənbələrdə təvəllüdü 16 və 17 fevral göstərilir). Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər Şərqin mötəbər elm mərkəzlərindən biri olub. Riyaziyyat və astronomiya ilə yanaşı, “Əxlaqi-nasir” etik traktatın, fəlsəfəyə dair əsərlərin müəllifidir. 
   18 fevral 1895 - Qəzəlxan şair Əlağa Vahid (Əlağa Məmmədqulu oğlu İsgəndərov, 1895 - 1.10.1965) Bakının Masazır kəndində anadan olub. Nizami, Xaqani, Füzuli, Nəvai və s. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
   18 fevral 1925 - Tanınmış jurnalist Hacı Hacıyev (1925-2008) anadan olub. Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik edib, bədii tərcümə (rus dilindən) ilə məşğul olub. 
   18 fevral 1931 - Xalq şairi, dramaturq Nəriman Əliməmməd oğlu Həsənzadə Qazax rayonunun Poylu qəsəbəsində doğulub. “Cavid", "Nizami", “Nuru Paşa” poemaları, “Pompeyin Qafqaza” yürüşü”, "Atabəylər" dramlarının müəllifidir. 
   18 fevral 1947 - Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 - 30.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.
   18 fevral 2009 - Bakıda “İslam mədəniyyətinin paytaxtı 2009” ilinin açılış mərasimi keçirilib. Bakı şəhəri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) qərarı ilə (noyabr 2007) 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşdu. 
   
   19 fevral 1949 - Ədəbiyyatşünas, publisist, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov anadan olub. S.Vurğunun yaradıcılığına, Tiflisdəki Azərbaycan teatrının tarixinə dair tədqiqatların, muzey işi və s. mövzularda araşdırmaların müəllifidir. 
   
   20 fevral 1900 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Mövləvi (1900 -3.2.1962) anadan olub.
   20 fevral 1928 - Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev, 1928 - 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Onlarla şeir kitabının, rus ədəbiyyatından poetik tərcümələrin müəllifidir. 
   20 fevral 1935 - Şərqşünas, BDU-nun İran filologiyası kafedrasının professoru Şulan İsmayıl oğlu Şirəliyev (1935-2013) anadan olub.
   20 fevral 1938 - Dilçi alim, türkoloq Cəfər İsmayıl oğlu Cəfərov (1938 - 20.12.1996) anadan olub.
   20 fevral 1938 - Xalq artisti Arif İmran oğlu Babayev Ağdamın Sarıhacılı kəndində doğulub. “Leyli-Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və s. muğam operalarında baş rolları oynayıb. “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb. Azərbaycan Milli Konservatoriyasının professorudur.
   20 fevral 1984 - Görkəmli bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Məşədi Cəmil oğlu Əmirov (22.11.1922 - 1984) vəfat edib. Simfonik muğam janrının yaradıcısıdır (“Şur”, “Kürd-ovşarı”, “Bayatı-Şiraz”), “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. musiqi əsərlərinin müəllifidir. Bəstəkarın «Min bir gecə» baleti dünya musiqi xəzinəsinə daxildir. “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s. filmlərə musiqi yazıb.
   
   21 fevral 1906 - Kinorejissor, Əməkdar incəsənət xadimi Həbib Ələkbər oğlu İsmayılov (1906 - 31.12.1966) Naxçıvanda doğulub. Azərbaycan kinosunda dəyərli yeri olan ekran əsərlərinə - “Ögey ana” (1958), “Böyük dayaq” (1962) filmlərinə quruluş verib. 
   21 fevral 1921 - Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (1921 - 20.12.2014) Xızıda, yazıçı Seyid Hüseyn və şairə Ümgülsümün ailəsində anadan olub. “1937-ci il repressiyasının qurbanları”, “Hüseyn Cavidin aləmi” triptixi və s. əsərlərin müəllifidir. 
   21 fevral 1921 - Xalq rəssamı Böyükağa Mirzəzadə (1921 - 3.11.2007) Bakıda anadan olub. Yaradıcılığa tematik tablolarla başlayan rəssam portret janrında da uğurlu nümunələr yaradıb, bir sıra teatr tamaşalarına bədii tərtibat verib.
   21 fevral 1955 - Tarzən, Əməkdar artist Elxan Bəhram oğlu Mənsurov anadan olub. 
   21 fevral 1997 - Tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (21.12.1923 - 1997) dünyasını dəyişib. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Akademiyanın vitse-prezidenti (1990-1997), Milli Məclisin deputatı (1995-1997) olub.
    
   Dünya
   
   17 fevral 1600 - İtalyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno, 1548-1600) inkvizisiyanın qərarı ilə edam edilib.
   17 fevral 1906 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin, film ssenarilərinin müəllifi Aqniya Barto (1906-1981) anadan olub.
   
   18 fevral 1780 - Rus rəssamı, məişət boyakarlığı janrının banilərindən biri Aleksey Venesianov (1780-1847) anadan olub.
   18 fevral 1932 - Çex əsilli məşhur Amerika kinorejissoru və ssenaristi Miloş Forman (Milosh Forman - Jan Tomash Forman) anadan olub. “Qu quşunun yuvası üzərində uçuş” filmi 5, “Amadey” filmi 8 “Oskar”a layiq görülüb.
   18 fevral 1934 - Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm” filmində çəkilib.
   18 fevral 1954 - Amerika kinoaktyoru Con Travolta (John Joseph Travolta) anadan olub. Filmləri: «Şənbə axşamının həyəcanı», «Kriminal qiraət», «Sifətsiz», «Əsas rənglər» və s. 
    
   19 fevral 1743 - İtalyan bəstəkarı, simli kvartet musiqi janrının banilərindən biri Luici Bokkerini (Luigi Boccherini, 1743-1805) anadan olub. 
   19 fevral 1847 - Amerika ixtiraçısı Tomas Edison (1847-1931) ilk səsyazma cihazını - fonoqrafı icad edib.
   
   20 fevral 1729 - Rus peşəkar teatrının banisi, aktyor Fyodor Volkov (1729-1763) anadan olub.
   20 fevral 1884 - Polyak yazıçısı, şair və dramaturq Yaroslav İvaşkeviç (1884-1980) anadan olub.
   20 fevral 1925 - Amerika kinorejissoru, ssenarist Robert Oltmen (Robert Altman, 1925-2006) anadan olub. Avropanın üç əsas festivalının (Kann, Venesiya, Berlin) qalibi olmuş yeganə amerikalı rejissordur.
   
   21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). 1999-cu ildə UNSECO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib. 
   21 fevral 1925 - Amerika kinorejissoru, vestern janrının tanınmış simalarından biri Sem Pekinpa (David Samuel "Sam" Peckinpah, 1925-1984) anadan olub. 
   
   Hazırladı: Vüqar Orxan