Fevralın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar Fikrət Əmirovun (1922-1984) 95, sənətkarın adını daşıyan 6 saylı onbirillik Uşaq incəsənət məktəbinin 55 illiyinə həsr olunan “Fikrət Əmirovun musiqi dünyası” adlı tədbir keçirildi. 
   Əvvəlcə qonaqlar uşaq incəsənət məktəbi şagirdlərinin “1001 gecə” nağılları əsasında işlədikləri əl işlərindən ibarət sərgi ilə tanış oldular. Tədbir məktəbin “Odlar yurdu” rəqs kollektivinin təqdimatında F.Əmirovun “1001 gecə” baletindən “Şəhrizadın bayramı” rəqs nömrəsi ilə açıldı. 
   Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bəstəkarın yaradıcılığı musiqimizin inkişafında yeni mərhələ açıb. Zaman keçdikcə əsərləri klassik nümunəyə çevrilən sənətkarlarımızın daim xatırlanması vacibdir.
   F.Əmirov adına 6 nömrəli onbirillik Uşaq incəsənət məktəbinin direktoru, professor, Əməkdar müəllim Adilə Yusifova bildirdi ki, böyük bəstəkarın və onun adını daşıyan tədris ocağının yubileylərinin bir ilə təsadüf etməsi əlamətdar hadisədir. Hər iki yubileylə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Çıxışlardan sonra məktəbin şagirdlərinin ifasında F.Əmirovun musiqi dünyasından nümunələr - “Kor ərəbin mahnısı”, “Qatar”, “Məktəb nəğməsi”, “Azərbaycan elləri”, “Aşıqsayağı”, “Yumoreska”, “Elegiya”, “1001 gecə” baletindən fraqment, “Lirik rəqs”, “Tokkata”, “Təntənəli rəqs”, “Gözün aydın” musiqili komediyasından “Rəqs” təqdim olundu. 
   
   Savalan Fərəcov