Xəbər verdiyimiz kimi, fevralın 16-dan 18-dək İstanbulda Dünya Turizm Forumunun III Qlobal toplantısı (World Tourism Forum Global Meeting) keçirilib.
Dünya Turizm Forumu Türkiyənin təşəbbüsü ilə yaradılan və dünya turizm sənayesi nümayəndələrini bir araya gətirən beynəlxalq platformadır. Forumun ildə dünya üzrə bir neçə regional və Türkiyə Prezidentinin himayəsi ilə İstanbulda bir qlobal toplantısı keçirilir. III Qlobal toplantıya 20-dək ölkədən nazirlər, turizm sektorunun rəhbər şəxsləri daxil olmaqla, 3 minə yaxın iştirakçı qatılıb.
Qlobal toplantıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Əbülfəs Qarayev Dünya Turizm Forumunun nazirlər toplantısında çıxış edib.
Nazir öz çıxışında Azərbaycan Respublikasında turizmin inkişafı, ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, 2017-ci ilin 5-6 may tarixində Bakı şəhərində keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu, mədəniyyətlərarası dialoqda turizmin rolu və turistlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı beynəlxalq mexanizmlərin zəruriliyi barədə danışıb.
Dünya Turizm Forumunun III Qlobal toplantısı çərçivəsində mədəniyyət və turizm naziri iştirakçı ölkələrin aidiyyəti qurumlarının rəhbərləri ilə görüşüb, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qlobal toplantıda müxtəlif kateqoriyalar üzrə Dünya Turizm Forumunun mükafatları təqdim edilib, həmçinin dünyanın 100 ən böyük turizm və səyahət şirkəti elan edilib. “Tourism 100” siyahısına dünyanın böyük hava yolları şirkətləri və hotel şəbəkələri daxildir. Siyahıda ilk beşlikdə “American Airlines Group”, “Delta Airlines”, “United Continental Holdings”, “Lufthansa Group”, “Air France KLM” yer alıb. “Türk Hava Yolları” siyahıda 23-cü yerdədir.