Məhsullarımız beynəlxalq turizm sərgisində təqdim edilib
   
   Azərbaycan turizminin və ölkəmizdə istehsal olunan məhsulların xarici bazarlarda daha geniş təbliğ olunaraq tanıdılması istiqamətində kompleks addımlar atılır.
   Prezident İlham Əliyevin xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi mexanizminin tənzimlənməsi ilə bağlı 2016-cı il oktyabrın 4-də imzaladığı fərman da buna xidmət edir. Fərmanın icrası ilə bağlı yerli sahibkarların beynəlxalq sərgi və yarmarkalarda iştirakının təmin olunması, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında rəflərinin təşkili, media vasitələrində təbliği üçün tədbirlər həyata keçirilir.
   Belə təqdimatlardan biri də Bolqarıstanın paytaxtında baş tutub. Sofiyada keçirilən “Holiday&Spa Expo” adlı 34-cü Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının və “Made in Azerbaijan” məhsullarının təbliği məqsədilə təqdimat reallaşıb.
   Təqdimat Azərbaycanın bu ölkədəki səfirliyi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentlikləri Assosiasiyasının (ABTTA), bu ölkənin aparıcı turizm şirkətlərindən biri olan “Bohemia” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
   Təqdimatda sərgi iştirakçılarına Azərbaycanda mövcud turizm marşrutları, tarixi-mədəni abidələr, rekreasiya və turizm mərkəzləri, ölkəmizdə həyata keçirilmiş infrastruktur layihələri haqqında ətraflı məlumat verilib. Həmçinin sərgi çərçivəsində bolqar şirkətləri tərəfindən hazırlanmış və Azərbaycana səfəri əhatə edən turpaketlər təklif olunub. Təqdimat çərçivəsində ölkəmiz haqqında sualları əks etdirən müsabiqə keçirilib və qaliblər səfirlik tərəfindən təqdim olunmuş suvenirlərlə mükafatlandırılıb.
   Sonra “Abşeron-Şərab” ASC şirkətinin istehsalı olan “Abşeron” şərablarının dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirilib. Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar barədə məlumat verilib, milli şirniyyatlardan ətraflı söhbət açılıb.
   Tədbir zamanı Azərbaycanın müxtəlif regionlarının turizm potensialını əks etdirən kitabçalar sərgi iştirakçılarına paylanılıb.
   Qeyd edək ki, Bolqarıstanın Turizm Nazirliyinin himayəsi altında və Sofiya şəhər bələdiyyəsinin tərəfdaşlığı ilə hər il keçirilən “Holiday&Spa Expo” ölkənin ən böyük turizm sərgisidir və turizm sahəsində ixtisaslaşan mütəxəssisləri, biznes dairələri, eləcə də potensial turistləri bir arada cəmləşdirir. Builki sərgidə 20-dən çox xarici ölkədən 380-ə yaxın şirkət iştirak edib. 
   
   F.Hüseynov