Fevralın 17-də Bakıda “Turizm Yunanıstan və Azərbaycan arasında körpü rolunu oynayır” adlı təqdimat mərasimi keçirilib.
   Tədbir Yunanıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin “Panhellas” turizm şirkəti, İtaliyanın Bakıdakı Mədəniyyət Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Tədbirə 20-yə yaxın turizm şirkətinin nümayəndəsi qatılıb.
   Təqdimatda çıxış edən Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Yunanıstanın turizm potensialını nümayiş etdirmək, həmçinin diplomatiya və iqtisadiyyat sahələrində yaxşı münasibətləri olan iki ölkənin bu sahədə mövcud imkanlarının təşviq edilməsidir. Diplomat Yunanıstanın turizm imkanları barəsində də geniş məlumat verib.
   İtaliya-Azərbaycan Assosiasiyasının sədri, İtaliyanın Bakıdakı Mədəniyyət Mərkəzinin rəhbəri xanım Paola Kasaqrande Yunanıstana maraqlı turizm səfəri təklifləri barədə danışıb. O, həmçinin bildirib ki, bu il turoperatorlar və turizm agentlikləri, habelə turizm sənayesinə cəlb olunmuş təşkilatlar, media və nəşriyyat evləri, turizm sahəsində təhsil verən ali məktəb nümayəndələrinin iştirakı ilə Yunanıstana infotur təşkil olunacaq.
   Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev də tədbirin əhəmiyyəti haqqında fikirlərini bölüşüb və belə təqdimatların hər iki ölkənin əlaqələrinin inkişafına ciddi təkan verəcəyini diqqətə çatdırıb.
   Qeyd edək ki, tədbirin media tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondu və Avrasiya Media Şəbəkəsinin təsisçisi olduğu “Eurasia Diary” analitik informasiya portalıdır.
   
   Fariz