Azərbaycan
22 fevral 1869 - Görkəmli yazıçı, dramaturq, jurnalist Cəlil Məmmədquluzadə (1869 - 4.1.1932) Naxçıvanda doğulub. Realist hekayələri ("Poçt qutusu", “Usta Zeynal”, “Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri ("Ölülər", “Dəli yığıncağı”, “Anamın kitabı”) ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. 1906-1932-ci illərdə (müəyyən fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
22 fevral 1898 - Ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898 - 29.3.1976) anadan olub.
22 fevral 1917 - Yazıçı-dramaturq, publisist Yusif Əhmədulla oğlu Əzimzadə (1917-1984) anadan olub. “Çiçəklər səltənəti”, “Anacan”, “Nəsrəddin” və s. pyeslərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.
22 fevral 1924 - Bəstəkar, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov (1924 - 21.1.2000) Şuşada doğulub. «Ulduz», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Milyonçunun dilənçi oğlu», «Həmişəxanım» operettalarının, «Bahadır və Sona», «Solğun çiçəklər» operalarının, mahnıların müəllifidir.
22 fevral 1952 - Yazıçı-publisist, Əməkdar jurnalist Akif Əli (Məhərrəmov) Şuşada anadan olub. Filmlərdə çəkilib: “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Otel otağı” və s. Rus dilindən ədəbi tərcümələr edib.
23 fevral 1909 - Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçısı, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909-20.11.1983) Gəncədə anadan olub.
23 fevral 1911 - Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 - 23.5.1987) Şuşada doğulub. Milli Dram Teatrının rejissoru, Musiqili Teatrın, Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru olub. “O qızı tapın”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib.
23 fevral 1927 - Xalq artisti, Prezident təqaüdçüsü Roza Heydər qızı Cəfərxanova Ordubad rayonunda anadan olub. 1948-ci ildən Naxçıvan teatrında fəaliyyət göstərib.
23 fevral 1928 - Coğrafiyaşünas alim, akademik Budaq Əbdüləli oğlu Budaqov (1928 - 1.11.2012) Ermənistan SSR Zəngibasar rayonu Çobankərə kəndində doğulub. Toponimika, landşaftşünaslıq və s. sahələr üzrə tədqiqatların müəllifidir.
23 fevral 1937 - Filologiya elmləri doktoru, professor Əmirxan Məhərrəm oğlu Xəlilov anadan olub. Dünya ədəbiyyatına dair kitab və dərsliklərin müəllifidir.
23 fevral 1943 - Şair, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943-2005) anadan olub.
23 fevral 2003 - Xalq artisti Həsənağa Turabov (24.3.1938 - 2003) vəfat edib. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə (“Yeddi oğul istərəm”, “Babək”, "Dantenin yubileyi", “Nizami”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkib. Bədii qiraət ustası kimi tanınıb, filmlərin səsləndirilməsində iştirak edib.
24 fevral 1864 - Mütəfəkkir, yazıçı, tərcüməçi, şair, rəssam, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864-17.03.1940) Salyanda doğulub. Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda «Həyat», «Kaspi» qəzetlərinin, «Füyuzat» jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
24 fevral 1881 - Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə, 1881-24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. «Gülzar», «Milli qiraət kitabı» və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.
24 fevral 1934 - Xalq rəssamı, professor Cəmil Mir Yusif oğlu Müfidzadə anadan olub. “İçərişəhər”, “Abşeron nefti”, “Xınalıq”, “Misir təəssüratları” və s. silsilə əsərlərin müəllifidir.
24 fevral 1934 - Aktyor Bahadur Əliyev (1934-2002) Masallı rayonunun Sığıncaq kəndində anadan olub. “Ulduz” (Qədir), “Böyük dayaq”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.
24 fevral 1956 - Xalq artisti, müğənni Səkinə Qulu qızı İsmayılova anadan olub. Muğam operalarında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s. partiyaları ifa edib.
Dünya
22 fevral 1788 - Alman filosofu, irrasionalizmin banilərindən biri Artur Şopenhauer (Arthur Schopenhauer; 1788-1860) anadan olub.
22 fevral 1810 - Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin; 1810-17.10.1849) anadan olub. Bəzi mənbələrdə doğum tarixi 1 mart göstərilir. Vals, noktürn, ballada, sonata, polonez və digər janrlarda əsərlərin müəllifidir.
23 fevral 1685 - Alman bəstəkarı Georq Hendel (George Frideric Handel; 1685-1759) anadan olub.
23 fevral 1878 - Polyak əsilli görkəmli rus abstraksionist rəssamı Kazimir Severinoviç Maleviç (1878-1935) Kiyevdə doğulub.
23 fevral 1878 - Tatar yazıçı-publisisti Qayaz İsxaki (1878-22.7.1954) anadan olub. Rusiya müsəlmanlarının liderlərindən olub. Sovetləşmədən sonra Almaniyada, sonra Türkiyədə yaşayıb, orada vəfat edib.
23 fevral 1889 - Amerika rejissoru Viktor Fleminq (Victor Fleming, 1889-1949) anadan olub. “Küləklə sovrulanlar” filminə görə “Oskar” mükafatı alıb.
23 fevral 1944 - Rus aktyoru, SSRİ Xalq artisti Oleq Yankovski (1944-2009) anadan olub. Filmləri: “Həmin o Münhauzen”, “Mənim nəvazişli zərif heyvanım”, “Məşuq”, “Çar” və s.
24 fevral 1463 - İntibah dövrünün italyan mütəfəkkiri Covanni Piko della Mirandolla (Giovanni Pico della Mirandola, 1463-1494) anadan olub.
24 fevral 1786 - Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm (1786-1859) anadan olub. Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu hazırlayıblar.
24 fevral 1906 - Kinorejissor, Rusiyanın Xalq artisti Aleksandr Rou (1906-1973) anadan olub. Məşhur nağıl filmlərinə (“Ölməz Kaşşey”, “Büllur başmaq” və s.) quruluş verib.
Hazırladı: Vüqar Orxan