Şahdağ Turizm Mərkəzinin ötən il noyabrın 15-dən başlayaraq Qusar Peşə Liseyi ilə birlikdə həyata keçirdiyi “Mətbəx və qidalanma üzrə xidmət” adlı üçaylıq master-klass layihəsi başa çatıb. 
   Mərkəzdən verilən məlumata görə, ilk 10 dərs (praktiki və nəzəri) Qusar Peşə Liseyində, daha 2 dərs isə “Şahdağ Hotel və Spa”da keçirilib. Kursun sonunda iştirakçılar nəzəri və praktiki bilikləri üzrə imtahan verərək, sertifikat əldə ediblər. 40 şagirdin iştirak etdiyi kurslarda mərkəzin “mətbəx bölməsi”, “qidalanma üzrə xidmət” şöbəsinin nümayəndələri qonaqların qarşılanması, xidmət göstərilməsi, yeməklərin hazırlanması, təhlükəsizlik tədbirləri və s. məsələlər, xidmət sahəsinin incəlikləri barəsində ətraflı məlumat verilib. Şagirdlər mərkəzin fəaliyyəti, təqdim olunan xidmətlərlə də yaxından tanış olublar.
   Qeyd edək ki, Şahdağ Turizm Mərkəzinin bazasında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Şahdağ Regional Turizm Peşə Məktəbinin yaradılması nəzərdə tutulub. İlk şagird qəbulunun 2017/2018-ci tədris ilində mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadıçı-şirniyyatçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə qəbulun keçirilməsi nəzərdə tutulur.
   
   F.Hüseynov