Bahadur Fərman
   
   
   

   SALAM, ULU YURDUM
   
   Salam, ulu yurdum, balaca kəndim,
   Sənsiz çıraq kimi yandım, tükəndim.
   Doğru danışmağı səndən öyrəndim,
   Həqiqət süd əmib düzümdən mənim.
   
   Böyürtkən kolları yolumu kəsdi,
   Xoş idi məramı, xoş idi qəsdi.
   Yel vurdu çəməndə lalələr əsdi,
   Biçənək boy verdi dizimdən mənim.
   
   Gümüşü bulaqlar çağladı axdı,
   Güneylər, quzeylər qınaqla baxdı.
   Böyüyən qəbristan yandırdı - yaxdı,
   Mirvari süzüldü gözümdən mənim.
   
   Qoy uçum göyündə quşuna dönüm,
   Enim torpağına daşına dönüm.
   Məni unutmadın, başına dönüm,
   Məni sən qorudun özümdən mənim.
   
   Çəhlimlər, cığırlar yüyrək oldular,
   Qayalar yumşalıb ipək oldular.
   Gəzərgi buludlar kövrək oldular,
   Öpdü nur damlalar üzümdən mənim.
   
   Ayrılıq tez gəldi, kövrəlib ürək,
   Yoluma düzüldü gül ləçək-ləçək.
   Hər bahar gələndə məhəbbətim tək
   Bənövşə bitəcək izimdən mənim.
   
   
   BU KƏND BİZİM KƏND DEYİL
   
   İsti qəlbi soyuyub,
   Bu kənd bizim kənd deyil.
   Qəbristanı böyüyüb,
   Bu kənd bizim kənd deyil.
   
   Yeganəydi, bir idi,
   Dağı-daşı pir idi.
   Duman, çiskin bürüdü,
   Bu kənd bizim kənd deyil.
   
   Yamanları öyündü,
   Yaxşıları üyündü.
   Yolu-izi düyündü,
   Bu kənd bizim kənd deyil.
   
   Zəhərə noğul tökən,
   Ümidə nağıl tökən,
   Qəbirə oğul tökən
   Bu kənd bizim kənd deyil.
   
   Sevincindən dərdi çox,
   Namərd olan mərdi çox.
   Dominosu, nərdi çox,
   Bu kənd bizim kənd deyil.
   
   Sağ əliydi baharın,
   Ürəyiydi diyarın.
   Siz o kəndi qaytarın,
   Bu kənd bizim kənd deyil.   

   ODUNÇU
   
   Ay Odunçu, baltan sına,
   Əcəb saldın işə bizi.
   Hanı palıd, hanı vələs?
   Qırıb-tökdün meşəmizi.
   Yandırdığın “ocaqlar”
   Ocağımı söndürüb.
   Şəhid olan ağaclar
   Çırağımı söndürüb.
   Qara bulaq qara geyib,
   Ağ bulağın ağı çatmır.
   Qoşa bulaq qoşa deyil,
   Solu batıb, sağı çatmır.
   Noylumuzun noyu düşüb,
   Göyrüşümüz səksəkədə,
   Çinarların boyu düşüb,
   Ağrı varmı bu çəkidə ?
   Meşəbəyi kəhər üstə-
   Belə gözəl peşə vardı.
   Dağ ətəyi kötük-kötük,
   Bir vaxt burda meşə vardı.
   Ağacları fağır bilib
   Cəllad kimi doğradılar.
   Allah, bizim meşələri
   Görən niyə qarğadılar?
   Polad balta, yumşaq cökə,
   Quşlar yuva qura bilmir.
   Cevizimiz şikəst olub,
   Ayaq üstə dura bilmir.
   Ay odunçu, baltan sına,
   Yaman saldın işə bizi.
   Ciyərlərim daşa döndü,
   Qırıb tökdün meşəmizi!
   
   
   BAHAR HƏSRƏTİ
   
   Sizə qurban olum, tər bənövşələr,
   Yazdan soraq verin, qış uzanmasın.
   İnamım, ümidim buz içindədir,
   Bahar həsrətiylə can usanmasın.
   
   Bilmirəm inamdır, yoxsa təsəlli,
   Qəlbimdə ümidə bükülən qübar?
   Bir zərif, bir incə tər bənövşənin
   Ləçəyi üstündə gəlirmi bahar?
   
   Günəşdən nur əmib hey zərrə-zərrə
   Gül açsın gülümüz, çiçəyimiz də.
   Bu çirkin dünyanı gözəlləşdirən
   Sevgilər göyərsin ürəyimizdə.
   
   Bahar istəyirəm, təzə-tər bahar,
   Oyanan torpağın nəfəsi gəlsin.
   Ömrünün qışını yaşayanların
   Təzədən yaşamaq həvəsi gəlsin.
   
   Tez açın, tez gəlin, sıxıldı könlüm,
   Yolda ləngiməyin, yolda qalmayın.
   Sizə qurban olum, tər bənövşələr,
   Siz Allah, sözümü yerə salmayın...
   
   
   GƏZƏRLƏR SƏNİ
   Özümə
   
   Şaxtaya tablamaz hər zərif çiçək,
   Vaxt olar quzeyə düzərlər səni.
   Bir azca sərtlik də öyrənmək gərək
   Ürəyi yumşaqsan, əzərlər səni.
   
   Zəhərə bal qatıb kimsə iç deyir,
   Hər şey yaxşı deyil, hər şey xoş deyil.
   Hamıya inanmaq düzgün iş deyil,
   Söz olar-bez olar bəzərlər səni.
   
   Dünyanı dərk edən hissə qapılmaz,
   Nə qədər qaya var çapsan çapılmaz.
   Görünmək istəsən, görən tapılmaz,
   Sonra çıraq alıb gızırlər səni.
   
   
   AĞRI HAQQINDA
   
   Əlac edə bilməmişəm,
   Ürəyimin ağrısına.
   Çırpılaraq bir dərmana
   Çiliklənib ağrı sına.
    * * *
   Mən infarktı sənəd kimi,
   Ürəyimdə daşıyıram.
   Nə zamandı aman verməz
   Kəmfürsətlə yaşayıram.
    * * *
   Gücüm çata ağrıları
   Yığıb tökəm bir tabuta.
   Məndən əvvəl dəfn edələr,
   Ətəyindən tuta-tuta.
    * * *
   Bir az artıq ömür sürəm,
   Dərddən yaşına-yaşına.
   Darıxdıqca gedib baxam,
   Ağrıların başdaşına...
   
   
   NƏ ÇƏKDİ
   
   Başımızın üstü göydü,
   Bu nə haydı, bu nə küydü?
   O çəməni dolu döydü,
   Çiçək nə çəkdi, nə çəkdi.
   
   Ürəklərə güman çökdü,
   Nigaranlıq ağır yükdü.
   Dəli külək yolub tökdü,
   Ləçək nə çəkdi, nə çəkdi.
   
   Dərd yüyürüb yetən oldu,
   Pöhrələyib bitən oldu.
   Ağrılara vətən oldu,
   Ürək nə çəkdi, nə çəkdi.
   
   
   ÜRƏYİN DEDİ Kİ…
   
   Əlinə toxundum, a zərif çiçək,
   Bir sirli, sehirli tilsimə düşdüm.
   Ürəyim titrədi kaman teli tək,
   Bir simdə alışıb, yüz simə düşdüm.
   
   Bildinmi varlığım titrədi, əsdi,
   İnandım, bu eşqin əzabı çoxdur.
   Əllərin dedi ki, barmaqlarının
   Qızıldan kəsilən üzüyü yoxdur.
   
   Baxışın qəlbimi odlara yaxıb,
   Bilirsən nə qədər xiffət çəkmişəm?
   Gözlərin dedik ki, arxanca baxıb
   Yaxından görməyə həsrət çəkmişəm.
   
   Telinə toxundum, xəyala dalıb
   Gördüm ki, ürəyim vüsal istəyir.
   Küləklər dağıdıb, dolaşıq salıb,
   Saçların dedi ki, sığal istəyir.
   
   Dedin:-İmtahandır, hazır ol, gərək
   Bu eşqin başına çevirəm səni.
   -Bir dənəm, hazıram, nə deyir ürək?
   -Ürəyim…deyir ki…
    Sevirəm səni…
    Sevirəm səni
   
   
    ÜZÜMÜN ÜSTƏ
   
   Saralır, tökülür gün puçur-puçur,
   İllər ömrümüzə təzə don biçir,
   Gəl inad eləmə, ömür-gün keçir,
   Yerin boş qalmasın gözümün üstə.
   
   Qoy hicran sel kimi axıb gəlməsin,
   Siz Allah, göz qoyun, baxın, gəlməsin.
   Rəqibə deyin ki, yaxın gəlməsin,
   Yazıqdır, yanacaq közümün üstə.
   
   Adımı görəndə qara çəksələr,
   Hara çağırsalar, hara çəksələr,
   Lap məni yüz dəfə dara çəksələr,
   Ölsəm də, duracam sözümün üstə.
   
   Dərdimi sulayır gözümdəki nəm,
   Açıb söyləmir ki, nə istəyir qəm?
   Sənə duaçıyam, mənim bir dənəm,
   Torpaq tökülüncə üzümün üstə.    

   GÖZLƏRİNƏ TAPŞIR MƏNİ
   
   Neçə yerdə sözüm düşüb,
   Ürəklərə közüm düşüb.
   Gözlərinə gözüm düşüb,
   Gözlərinə tapşır məni.
   
   Gözlər məni hara çəkir,
   Ağ könlümə qara çəkir.
   Gündə yüz yol dara çəkir,
   Gözlərinə tapşır məni.
   
   Baxışınla dünyam gülə,
   Qəm əriyə gilə-gilə.
   A birdənəm, insaf elə,
   Gözlərinə tapşır məni.
   
   Dəli hicran gözləsin qoy,
   Addım-addım izləsin qoy.
   Bəbəyində gizləsin qoy,
   Gözlərinə tapşır məni.
   
   
   BƏXTƏVƏR BAŞINA
   
   Sənin həsrətinin qədəri yoxdur,
   Ürəyim göynəyir, titrəyir səsim.
   Xoşbəxt olduğundan xəbəri yoxdur,
   Bəxtəvər başına sən sevən kəsin!
   
   Sinənə dağılan xınalı saçlar
   Səhərin mehiylə daranıb, gözəl.
   O incə, o zərif, yumşaq əllərin
   Bənövşə üzməyə yaranıb, gözəl.
   
   Yayılıb üzünə göylərin nuru,
   Taleyin yol gəlir qismətə doğru.
   Gizlicə baxıram, rəngin dupduru,
   Bilirmi qədrini o zalım oğlu?
   
   Görürəm, onunçün adicə qızsan,
   Soyuqdur buz kimi, divanə deyil.
   Bilmir qiymətini, yaman ucuzsan,
   Alışmaz ürəyi, pərvanə deyil.
   
   Qədrin bilinməsə, udub qəhəri,
   Bir ismarış göndər, çəkilsin duman.
   Ünvanım belədir: Gəncə şəhəri,
   Məhəbbət küçəsi, Bahadur Fərman.
   
   
   ÜRƏK OLDU
   
   Həya vurdu gül yanağı
   Lalələndi, çiçək oldu.
   Bir sevən əl sığal çəkdi,
   Cod saçları ipək oldu.
   
   Bu nə sirdi gülər üzdə,
   Qönçələnir odda, közdə?
   Möcüzədir, çirkin qız da
   Eşqə düşüb göyçək oldu.
   
   Yandı canım korun-korun,
   Yanmayanlar, kanar durun!
   Bir yad qızı Bahadurun
   Sinəsində ürək oldu.
   
   
   ÜRƏYİM
   
   Üstən soyuq yel əsir,
   Hey döyünür, tələsir.
   İçində yüz dərd əsir,
   Qana batdı ürəyim.
   
   Oda həris bu canım,
   Su səpməyin, qoy yanım.
   Seyrəlibdir dörd yanm
   Neçə çatdı ürəyim.
   
   Uyub yetim ahına,
   Sevinc gəlmir yaxına.
   Ağrıların “şahı”na
   Axır çatdı ürəyim.
   
   Ömrə-günə qəm damar,
   Ala gözə nəm damar,
   Sındırmayın, kim yamar,
   Amanatdı ürəyim...