Xəbər verdiyimiz kimi, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (DTT) “Turizmin qlobal etik kodeksi”ni konvensiyaya çevirmək üzərində işləyir.
Təşkilatın saytında yer alan məlumata görə, 1999-cu ildə qəbul edilmiş və könüllülük prinsipinə əsaslanan “Turizmin qlobal etik kodeksi” konvensiyaya çevrildikdən sonra öhdəlik xarakteri daşıyacaq.
DTT-nin baş katibi Taleb Rifai qeyd edib ki, təşkilatın siyasətinin təməl daşını təşkil edən sənədə əsaslanan ilk beynəlxalq konvensiya turizmin fasiləsiz və sürətlə inkişaf etdiyi şəraitdə mühüm sənəd olacaq. 2016-cı ildə beynəlxalq turizm 1,2 milyard nəfəri əhatə edib ki, bu da 1999-cu illə müqayisədə iki dəfə çoxdur.
Təşkilatın işçi qrupu konvensiya layihəsini DTT-nin İcraiyyə Şurasının 105-ci sessiyasına (11-12 may, İspaniya), daha sonra DTT-nin XXII Baş Assambleyasına (6-9 sentyabr, Çin) təqdim edəcək.
Xatırladaq ki, 2016-cı ilin 25 aprelində DTT-nin Madriddəki qərargahında “Turizm etikası üzrə Konvensiya”nın hazırlanması üzrə işçi qrupun ilk iclası keçirilib. İclasda Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov işçi qrupun sədri seçilib. Bu ilin 30-31 yanvar tarixində Madriddə işçi qrupun ikinci iclasına 16 ölkənin nümayəndələri qatılıb.
İşçi qrupunun əsas vəzifəsi Turizm Etikası üzrə Dünya Komitəsi ilə birgə işləyərək sözügedən kodeks əsasında “Turizm etikası üzrə Konvensiya”nı hazırlayıb qurumun Baş Assambleyasına təqdim etməkdir. Konvensiya turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirəcək.
Konvensiyanın bu il qəbul edilməsi xüsusilə aktualdır, çünki 2017-ci il BMT Baş Məclisi tərəfindən “Beynəlxalq davamlı turizm ili” elan olunub.