Qədim tarixə, zəngin mədəniyyətə, yüksək qonaqpərvərlik ənənələrinə malik olan Azərbaycanda turizm sahəsinin daha da inkişafı üçün böyük potensial mövcuddur. Bu istiqamətdə həyata keçirilən əsas tədbirlərdən biri ölkəmizdən keçən beynəlxalq mədəni və yerli turizm marşrutları vasitəsilə Azərbaycan turizminin dünya turizm bazarına inteqrasiyasını təmin etməkdir.
Ölkənin daxili turizm potensialının təbliği məqsədilə hələ 2003-cü ildə o vaxtkı Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bölgələr üzrə yeddi turizm marşrutu müəyyənləşdirilmişdi. Onlardan 4-ü əsas, 3-ü əlavə marşrut hesab edilir. Əsas turizm marşrutları Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ (məlum səbəbdən işlək deyil), Bakı-Naxçıvandır. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi təşkil edildikdən sonra bu sahədə işlər daha ardıcıl şəkil alıb. Marşrutlar üzərindəki bölgələrdə müxtəlif turizm növləri inkişaf etdirilir.
Strateji Yol Xəritəsinə
əsasən hansı tədbirlər
görüləcək?
“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ində nəzərdə tutulan prioritet istiqamətlərdən biri də mədəni turizm marşrutlarının inkişaf etdirilməsidir. Tarixi marşrutlar mədəni turizmin bir hissəsi olmaqla, turizmə təsiri və potensialı baxımından diqqətdə saxlanılır. Bununla yanaşı, turistlərin zövqünə uyğun əlavə xüsusiyyətlərin (məsələn, şərabçılıq marşrutları) nəzərə alındığı tarixi və mədəni xarakterli turizm marşrutları da perspektivə malikdir.
Yerli turizm marşrutlarından fərqli olaraq beynəlxalq marşrutlar iki və daha çox ölkəni əhatə edir və turizm sahəsində əməkdaşlığa zəmin yaradır. Bu xüsusda “Böyük İpək Yolu” mədəni turizm marşrutu turistlərin tələbinə uyğun yenidən layihələşdiriləcək və inkişaf etdiriləcək. Həmçinin müxtəlif maraq seqmentlərinə aid olan turistlər üçün ölkənin cəlbediciliyini daha da artırmaq məqsədilə “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda alman izləri”, “Azərbaycanda polyak izləri”, “Babaların tarixi zəfər və şəhadət yolu” və Naxçıvanda “Nuhun gəmisi” kimi mədəni turizm marşrutları beynəlxalq tələblərə uyğun olaraq yenidən tədqiq ediləcək. Bu marşrutların pasportlaşdırılması həyata keçiriləcək və marşrutlar boyu müvafiq turizm göstəriş nişanlarının yerləşdirilməsi, həmçinin Azərbaycan, ingilis, ərəb və rus dillərində xəritələrin işlənib hazırlanması təmin ediləcək. Bu məlumatlar pasportlaşdırılmış mədəni marşrutları təşviq etmək üçün onlayn platformalar vasitəsilə ictimailəşdiriləcək.
Bələdçilərə sertifikatlar, sahibkarlar üçün təlimlər
Strateji Yol Xəritəsinə əsasən Mədəniyyət və Turizm Nazirliyi müvafiq mədəni marşrutlarda bələdçi işləmək üçün sertifikasiya proqramını işləyib hazırlayacaq ki, bu zaman marşrutlar boyunca yerləşən regionların yerli sakinlərinin həmin təlimlərdə iştirakına üstünlük veriləcək. Gələn turistlərə yerli əhali tərəfindən region üzrə bələdçilik xidmətinin göstərilməsi, turistlərə evlərin və mənzillərin kirayə verilməsi üzrə təlimlərin keçirilməsi və müvafiq olaraq sertifikatların verilməsi təşkil ediləcək.
Bu layihələrə cəlb olunan sahibkarlar üçün təlimlərin keçirilməsi də nəzərdə tutulur. Eləcə də marşrutlar boyunca avtobus və qatarlarla nəqliyyat əlaqələrinin gücləndirilməsi ilə yanaşı, yerləşdirmə vasitələrinin və kampinq ərazilərinin, turist dayanacaqlarının inkişaf etdirilməsində özəl sektorun iştirakının stimullaşdırılması istiqamətində tədbirlər görüləcək. Bu istiqamətdə müəyyən kəndlər əsas yerləşdirmə vasitələri kimi müəyyən ediləcək və həmin ərazilərdə turizm informasiya mərkəzlərinin qurulması üzrə investisiya qoyuluşu prioritet sayılacaq.
Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq bazarlarda sərgilərdən və digər marketinq vasitələrindən istifadə edərək, hədəf ölkələrdə mədəni turizm marşrutlarının təşviqini həyata keçirəcək.
Fariz Hüseynov