Bakı Ekspo Mərkəzində “AİTF 2017” sərgisi açılacaq
   
   Ənənəvi Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi (“AİTF 2017”) aprelin 6-dan 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Bu il 16-cı dəfə təşkil olunan sərgi turizm bazarı, dövlət strukturları, yerli və regional turizm təşkilatlarının nümayəndələrini bir araya gətirəcək. 
   Sərginin təşkilatçıları “Iteca Caspian” və onun Böyük Britaniyadan tərəfdaşı “ITE Group” şirkətləridir. AİTF sərgisi yarandığı gündən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərgi həmçinin BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) kimi beynəlxalq strukturlar tərəfindən dəstəklənir.
   Sərgidə turizm sahəsinin müxtəlif istiqamətləri, hava yolları və mehmanxana şəbəkələri, digər xidmət növləri təqdim ediləcək. Ənənəvi olaraq bir sıra ölkələr milli stendləri (Belarus, Çexiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Dominikan Respublikası, Mərakeş, Tailand və s.) və regional stendlərlə (Roqaşka Slatina - Sloveniya, Stavropol - Rusiya) iştirak edəcək. Hər il sərgiyə yeni iştirakçılar qoşulur. Bu il ilk dəfə Kolumbiya və Kuba öz turizm imkanlarını nümayiş etdirəcək. Xarici debütantlar arasında Böyük Britaniya, İtaliya və Çinin turizm şirkətlərini qeyd etmək olar.
   AİTF sərgisi Azərbaycanda turizm bazarının imkanlarını nümayiş etdirməklə daxili turizm sektorunun inkişafında da yaxından iştirak edir. Budəfəki sərgidə də ölkənin regionları turizm imkanlarını öz stendlərində geniş şəkildə təqdim edəcəklər. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin də ayrıca stendi nümayiş olunacaq. 
   Sərginin ikinci günü yerli və xarici şirkətlər arasında işgüzar əlaqələr qurmaq imkanı yaradan vorkşop keçiriləcək. Vorkşopun təşkili çərçivəsində xüsusi onlayn sistem yaradılıb və iştirakçılar bu sistem vasitəsilə onları maraqlandıran şirkətlərlə görüşlər təyin edə bilirlər.
   Ötən illərdə olduğu kimi, AİTF sərgisi ilə yanaşı, regionda hotel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (Horex Caucasus 2017) sərgisi də keçiriləcək.