Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin rəhbər və nümayəndələri ilə işgüzar görüş keçirilib. Teatrdan bildirilib ki, görüşdə Mədəniyyət və Turizm Nazirliyi turizm sənayesi ilə iş sektorunun məsul şəxsləri də iştirak ediblər.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov belə görüşlərin mədəni turizmin inkişafına müsbət təsir edəcəyini bildirib və ölkə rəhbərliyinin turizmə göstərdiyi diqqəti xüsusi vurğulayıb.
O deyib: “Düşünürəm ki, daxili və gəlmə turistlərin respublikanın, eləcə də Bakı şəhərinin zəngin tarixi, qədim mədəniyyət abidələri ilə yanaşı, 144 il tarixi olan Azərbaycan peşəkar teatr sənəti, teatrlarımızın fəaliyyəti ilə də tanış etmək çox məqsədəuyğundur. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dünyanın müxtəlif ölkələrindən teatr truppaları səfər edir. Yaxşı olardı ki, turistlərə tur-paketlər təqdim edilərkən həmin paketlərə teatr tamaşalarını seyr etmək də daxil edilsin”.
Görüşdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Bəxtiyar Qılıncov və digər turizm şirkətlərinin rəhbərləri belə görüşlərin təşkil edilməsinin önəmli olduğunu qeyd edərək, teatrların turizm şirkətləri ilə əməkdaşlığını genişləndirməsi üçün bir sıra təkliflər səsləndiriblər. İştirakçılar belə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini bildiriblər.
Xatırladaq ki, bundan öncə belə bir görüş Azərbaycan Dövlət Musiqili Teatrında keçirilmişdi.