Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli fərmanı ilə ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən ölkə ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydası təsdiq edilib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu qayda aksizli mallara, ərzaq məhsullarına, dərman preparatları və tibbi ləvazimatlara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlara, külçə şəklində qiymətli metallara, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə şamil edilmir.
Qeyd olunub ki, qayda bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda tətbiq olunur. ƏDV-nin alıcıya qaytarılması nağd ödəniş və ya bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir. Operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulur. Ticarət festivalı dövründə alınmış mallara görə ödənilmiş ƏDV-ni həmin malların alındığı gün ərzində müvəkkil bank geri qaytarır. ƏDV-nin malların alındığı gündən sonrakı günlərdə qaytarılmasına isə yol verilmir.