Azərbaycan
    
   8 mart 1911 - Xalq artisti Ağadadaş Qurbanov (1911 - 25.6.1965) anadan olub. Gənc Tamaşaçılar Teatrında, Milli Dram Teatrında çıxış edib. “Koroğlu" (Həsən xan), "Bir qalanın sirri" (Usta), "Bizim küçə" (Bəhram), “Arşın mal alan” (1965, Soltan bəy) və s. filmlərdə çəkilib.
   8 mart 1923 - Ədəbiyyatşünas, teatrşünas Ədilə Əlihüseyn qızı Əliyeva (1923-1984) anadan olub. 
   8 mart 1934 - Xalq artisti, tar ifaçısı Ceyran Haşımova anadan olub. “Lalə” qızlar ansamblının yaradıcısıdır.
   8 mart 1940 - Kinooperator Ramiz Əlirza oğlu Babayev (1940 - 11.1.1994) Bakının Əmircan qəsəbəsində doğulub. “Şərikli çörək”, “Qanlı zəmi” və s. filmlərdə quraşdırılmış səhnələrin operatorudur.
   8 mart 1947 - Şair, publisist Ağamalı Sadiq Əfəndi (Ağamalı Əhməd oğlu Əfəndiyev; 1947 - 24.12.1995) Qazax rayonunun Qaymaqlı kəndində doğulub. Kitabları: “Əyil səndən keçim, dünya”, “Vətən üçün yaşanmış əfəndi ömrü” və s.
   8 mart 1947 - Şair, yazıçı Məmməd Oruc anadan olub. "Ailə səadəti", "Yadigar mahnı", "Leylək körfəzi", "Köçürülmə" kitablarının, "Təbriz almaları", "Oğulla görüş" və s. pyeslərin müəllifidir.
   
   9 mart 1929 - Tanınmış diktor Gültəkin Əjdər qızı Cabbarlı (1929 - 15.10.1996) anadan olub. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub.
   9 mart 1915 - Xalq rəssamı Kamil Əli Abbas oğlu Xanlarov (1915-1996) anadan olub. Füsunkar təbiət lövhələrini kətana köçürüb: “Zaqatala dağları”, “Şuşa”, “Araz sahilində”, “Ordubadda qış” və s. 
   9 mart 1947 - Xalq artisti, kamança ifaçısı Şəfiqə Alxas qızı Eyvazova anadan olub. Azərbaycan Milli Konservatoriyası xalq çalğı alətləri kafedrasının professorudur.
   9 mart 1952 - Aktyor Əhməd Haşım oğlu Qəmərlinski (Məlikov; 1880-1952) vəfat edib. Bakı Azad Tənqid-Təbliğ Teatrının aktyoru və rejissoru olub. “İsmət” (1934), “Almaz” (1936), “Səbuhi” (1941) filmlərində çəkilib. Pyeslər yazıb.
   
   10 mart 1873 - Azərbaycan peşəkar milli teatrının yarandığı gündür. Bakıda böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani) fəal iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. 10 mart Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur.
   10 mart 1878 - Görkəmli yazıçı, dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadə (12.7.1812 - 1878) Tiflisdə vəfat edib. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması"nı (1837) yazıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 
   10 mart 1940 - Xalq artisti, xanəndə Canəli Xanəli oğlu Əkbərov Lənkəran rayonunun Tükəvilə kəndində doğulub. Opera tamaşalarında baş rollarda (Məcnun, Kərəm, Aşıq Qərib, Şah İsmayıl və s.) çıxış edib. Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 
   10 mart 1915 - İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Qəmər Hacağa qızı Almaszadə (1915 - 7.4.2006) anadan olub. Professional səhnəni tərk etdikdən sonra uzun illər Bakı Xoreoqrafiya Məktəbinin direktoru işləyib.
   10 mart 2004 - Xalq artisti, görkəmli sənətkar Nəsibə Cahangir qızı Zeynalova (20.4.1916 - 2004) anadan olub. Musiqili Komediya Teatrında çalışıb, Züleyxa (“Ulduz"), Cəhri xala ("Altı qızın biri Pəri"), Qızbacı ("Hicran") və s. rolları ilə yadda qalıb. "Ögey ana", "Böyük dayaq", "Ulduz", "Qayınana", “Yuxu” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

   Dünya
    
   8 mart Beynəlxalq Qadınlar Günüdür. Bu günün tarixi 1857-ci il martın 8-də Nyu-York toxucularının sosial tələblərlə keçirdikləri yürüşlə bağlıdır. 1910-cu ildə Kopenhagendə qadınların beynəlxalq konfransında yəhudi əsilli alman sosialisti Klara Setkinin təşəbbüsü ilə 8 martın “Beynəlxalq Qadınlar Günü” kimi qeyd edilməsi qərara alınıb. Dünyanın bir çox ölkələrində qeyd olunur. 
   8 mart 1575 - Alman filosofu Yakob Böme (Jakob Böhme, 1575-1624) anadan olub. 
   8 mart 1851 - Görkəmli maarifçi, mütəfəkkir, ictimai xadim İsmayıl Qaspralı (Qasprinski; 1851 - 24.9.1914) Krımın Qaspra şəhərində doğulub. Türk xalqlarının maarifçilik tarixində böyük xidmətlər göstərib. "Tərcüman” qəzetinin naşiri olub.
   
   9 mart 1934 - Moldova aktyoru, SSRİ Xalq artisti Mixay Volontir (1934 - 15.9.2015) anadan olub. Filmləri: “Qaraçı”, “Budulayın qayıtması”, “Tütək səsi” (“Azərbaycanfilm”) və s.
   9 mart 1814 - Ukrayna şairi, yazıçı, rəssam Taras Qriqoryeviç Şevçenko (1814 - 10.3.1861) anadan olub. Klassik Ukrayna ədəbiyyatının banisidir. “Kobzar” poetik toplusu, “Yuxu”, “Qafqaz” poemaları və s. əsərlərin müəllifidir. 
   9 mart 1964 - Fransız aktrisası, “Oskar” mükafatı laureatı (“İngilis pasiyenti”, 1997) Jülyet Binoş (Juliette Binoche) anadan olub. 
   
   10 mart 1772 - Alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şlegel (Friedrich Schlegel, 1772-1829) anadan olub.
   10 mart 1939 - Moskvadakı Şabolovka telemərkəzindən ilk televiziya yayımı başlanıb. 
   10 mart 1958 - Amerika aktrisası Şaron Stoun (Sharon Vonne Stone) anadan olub. “Əsas instinkt”, “Yolayrıcı”, “Kazino” və s. filmlərdə çəkilib. 
   
   Hazırladı: Vüqar Orxan