Bu fikri ədəbiyyatşünaslar da söylədilər
   
   Son günlər ədəbiyyatımızın zəifliyi, durğunluğu yenidən gündəmə gətirildi, televiziya ekranlarında və mətbuatda xeyli qızğın müzakirələrə səbəb oldu. Son illərdə ədəbi hadisəyə çevrilmiş, möhkəmlənmiş hər hansı fundamental bir əsərin mövcud olmadığını vurğuladılar. Bol tənqidli ilin sona yetdiyini nəzərə alaraq bu mövzuya qayıdış kimi alim, ədəbiyyatşünaslar və yazarlara aşağıdakı sualı ünvanladıq.
   1. Son dövr Azərbaycan ədəbiyyatını necə xarakterizə edirsiniz?
   2. Bəyəndiyiniz müəlliflər kimlərdir?
   3. Oxuduğunuz hansı əsərlər sizin marağınıza səbəb oldu?
   
   Rüstəm Kamal (ədəbiyyatşünas- alim): Azərbaycan ədəbiyyatının öz imkanları var. Məsələn, dilin, ənənənin, ədəbi inteqrasiyanın, oxucu auditoriyasının və s. Mən nə vaxtsa bir dəfə də demişdim ki, ədəbi prosesin obrazı yoxdur, yəni təqdim olunmur, əhaliyə çatdırılmır. Gərək obyektiv əsaslara söykənən ödüllər, reytinqlər olsun. Bilinsin ki, kimə niyə mükafat verilib, hansı əsər oxunub. Bu qarmaqarışıq prosesi işıqlandıra bilən tənqidçi ordusu da yoxdur. Deyə bilərəm ki, poeziya sahəsində vəziyyət yaxşıdır, amma eyni zamanda şeirdə kütləvi qrafomanlıq da var ki, bu da ədəbiyyatı geri çəkən amillərdəndir. Azərbaycan nəsri isə bərbad gündədir. Tarixi roman ilə, fantastika hətta realizm adı ilə millətə nə desən sırıyırlar. Bu həm də tənqidçilərin, ədəbiyyatçıların günahının ucbatındandır. Məsələn, son dövrlərdə yazılmış hansı əsəri göstərmək olar ki, həmin əsər həm də kino sənayesi üçün yararlı olsun. Demək olar ki, yoxdur. Bəs bu xalqın kino tarixini kim yaradacaq? İmkanlar qrafomanların əlindədir, istedadlılar qalıb kölgədə. Son dövrlərə baxsaq görərik ki, yenə məsuliyyətlə dəyərli əsərlər yazanlar əvvəlki nəsillərin nümayəndələridir. Məsələn, bu ildə dərc olunanlardan deyə bilərəm ki, Elçinin əsərləri, Kamal Abdullanın “Hekayələr” kitabı, Çingiz Əlioğlunun “Ulduz” jurnalında nəşr olunan şeirləri hər biri ayrı aspektdə çox maraqlı mətnlərdir. Gənclərin də çoxu imitasiya ilə məşğuldur. Xüsusən də rus şairlərini yamsılayırlar. Amma gənclərdən çox istedadlı olanları da var. Ənənəvi şeir yazanlar ancaq “çevir tatı, vur tatı” deyibən yazırlar. Sərbəst şeir yazanların çoxu da, yenə sərbəst şeirlə heca şeirini bir-birinə calayıb həlməşik mətnlər yazırlar.
   
   Firudun Qurbansoy (Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı): Həyat maraqlı olanda ədəbiyyatda da özünü göstərir. İndi hamı bilir ki, ədəbiyyatda durğunluq var. Ədəbiyyatımızda gələcəyə ümidsizlik, ruh düşkünlüyü kimi nəsnələrin əks olunması cəmiyyətdə ikrah hissi oyadır. Əvvəlki dövrlərdə ədəbiyyat daha odlu-alovlu idi, indiki gənclər niyə bədbindirlər?! Bu bədbin ruh da keçicidir. Ədəbiyyatda dahiyanə əsərlərin meydana gəlməməsinin səbəbi ruh qırıqlığıdır. Dahiyanə əsərlər böyük ruhla yazılır. Xalq şairlərimizin və yazıçılarımızın da son dövrdə yazdıqları əsərlərdə də bir sönüklük var. Gənclərə böyük ümid var. “Azərbaycan”, “Körpü” jurnalını, “Ədəbiyyat qəzeti”ndə çap olunan gəncləri bəyənirəm.
   
   Qılman İmanlı (Gənc Ədiblər Məktəbinin üzvü, şair): Bu gün ədəbiyyata güclü axın var. Həqiqəti desək, yazan oxuyandan çoxdu. Ədəbiyyatdakı müəyyən saflıq da bu bulanıq imza sahiblərinin qurbanına çevrilir. Bu da cəmiyyətimizdə ədəbi zövqlərin və nəşriyyat işinin formalaşmamasından irəli gəlir. Nə istəsən cap edib insanların zövqünü korlayırlar. Maraqlı imzaların yeri daralır. Adam bəzən sevdiyi şairlərin həsrətini çəkir mətbuatda. Son dövrdə maraqlı əsərlər oxumuşam. Məsələn, Vaqif Bayatlı Odərin “Yupyumru bir eşq ilə” və Qulu Ağsəsin “Nabran novellası” kitabları məni qane edir, hər iki kitabdan zövq aldım.
   
   Səxavət Sahil (gənc şair): Ədəbi prosesdəki xaos ədəbiyyatı bir qədər geri çəkir. Ortayaşlı yazarların çoxlarının əsəri, düzü, mənim zövqümün tələblərinə cavab vermir. Amma gələcəyə ümidliyəm. Bu il ərzində oxuduğum maraqlı kitablardan biri Səlim Babullaoğlunun “İlyas Göçmənin şəkil dəftəri” kitabıdır. İnternet saytlarından isə II Qismətin və Aqşin Yeniseyin şeirləri çox xoşuma gəlib.
   
   Rəbiqə Nazimqızı (şair): Məncə, ədəbiyyatda hardasa irəliləyişlər var. Amma çox təəssüf ki, mən bunu ancaq şeir üçün deyə bilirəm. Şeirimizdə xüsusən gənc imzalar, maraqlı mətnlər var. Ad çəkmək istəmirəm. Maraqlı şairlər çoxdu. Amma maraqlı nasirlərlə rastlaşmaq olmur. Son vaxtlar maraqlı nəsr nümunəsi kimi ancaq Əjdər Olun “Qrafoman” hekayəsinin adını çəkə bilərəm. Başqa maraqlı nəsr nümunəsi oxumamışam. Amma ədəbi dərgiləri izləyən adam kimi, deyə bilərəm ki, bu çox aşağı nəticədir.
   
   Xan Rəsuloğlu (yazar): Çağdaş Azərbaycan ədəbiyyatında son dövr oxuduğum və bəyəndiyim əsərlər Aqşinin “Cənnətdə terror aksiyası”, Səfər Alışarlının “Maestro” romanı, Gənc Ədiblər Məktəbinin tutduğu yol mənim çox xoşuma gəlir. Bu gənclər artıq ədəbi prosesin içindədirlər, bu prosesə istiqamət verirlər. Son illərin ən maraqlı romanları isə Kamal Abdullanın romanlarıdır. Onun əsərlərinin dili çox xoşuma gəlmir, amma bədii təfəkkürü əladır, çox intellektual nasirdir. Gənclər isə hələ iddialarına görə ortaya heç nə qoymayıblar.
   
   Məhəmməd Ləvai (şair): Azərbaycan ədəbiyyatı oyanıb, silkələnib. şeirdə, nəsrdə çox yeniliklər var. Həm özünə qayıdış, həm də Qərbə inteqrasiya var. Amma Azərbaycan ədəbiyyatının özəlliklərini ortaya çıxaran tənqidçilər meydanda görünmür. Salam Sarvanın, Zahir Əzəmətin, Səlim Babullaoğlunun şeirlərini sevirəm. Regiondan ümumi ədəbiyyata qovuşan Cavidanın şeirlərini də çox sevirəm. Azərbaycan ədəbiyyat öz yolunu tutub gedir, amma xalq sözlə az maraqlanır. İnanıram ki, bu problem də həll olunandan sonra hər şey yaxşı olacaq.
   
   Elnaz Eyvazlı (şair): Son dövr Azərbaycan ədəbiyyatında gənclərin boyu daha hündür görünür. Yazan çoxdur, oxuyansa əksinə. Amma yazarların içində yazmaq eşqi güclüdür, davam edirlər. Kütləvilik mənfi mənada sənətə güclü təsir edir. Bu qədər əsələri oxuyub təhlil etmək lazımdır, təəssüf ki, bu da mümkün deyil. Amma bəyəndiyim əsərlər İlqar Fəhminin “Akvarium”, Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Tarixsiz gündəlik”, Aqil Abbasın “Dolu” romanıdır. Şairlərdənsə, Salam Sarvanın, Qulu Ağsəsin və mərhum şair Fərhad Metenin şeirlərini çox sevirəm.
   
   Qələmə aldı: Fərid Hüseyn