Tələbələrin Türkiyə hotellərində təcrübə semestrinin təşkili imkanları müzakirə olunub 
   
   Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müxtəlif ixtisaslar üzrə təhsil alan 10 tələbəsi 2015/2016-cı tədris ilində Mövlanə mübadilə, Erasmus+ proqramları və müvafiq əməkdaşlıq müqavilələri çərçivəsində Türkiyə universitetlərində bir semestrlik təhsil imkanından uğurla faydalanıblar. 
   ATMU-nun mətbuat xidmətindən verilən xəbərə görə, martın 13-də qardaş ölkənin universitetlərində təhsil müddətini başa vuran tələbələrin Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşü keçirilib. Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa ATMU ilə Türkiyənin turizm sənayesi və təhsil müəssisələri arasında mövcud əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib. 
   Görüşdə ATMU tələbələrinin qarşıdakı tədris ilində Türkiyənin müxtəlif nüfuzlu hotellərində yay tanışlıq və təcrübə semestrinin təşkili imkanları da müzakirə olunub.