Vaşinqtonun ən tanınmış məkanlarından olan Konqresin Tomas Cefferson adına kitabxanasında ölkəmizin ABŞ-dakı səfirliyi və kitabxananın regional bölməsinin dəstəyi ilə həmvətənimiz Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (“Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan”) kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə xarici ölkələri təmsil edən diplomatlar, kitabxananın ziyarətçiləri, həmçinin Amerikada yaşayan həmvətənlərimiz iştirak ediblər.
2014-cü və 2015-ci illərdə ABŞ-dakı səfirliyimiz və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə iki dəfə işıq üzü görən 317 səhifəlik kitab ölkəmizin mətbəxi ilə bağlı Amerika ictimaiyyətinə təqdim edilən ilk nəşrdir.
Bir neçə beynəlxalq mükafata layiq görülmüş kitabda oxuculara milli yeməklərimizin Qərb ölkələri şəraitində hazırlanması üçün uyğunlaşdırılmış reseptləri təklif olunur. Kitaba Fəridə Buyuranın məşhur azcookbook.com bloqundan seçilmiş reseptlər də daxil edilib. Bundan başqa, nəşrdə Azərbaycan mədəniyyəti haqqında hekayələr, ölkəmizin mətbəxinin tarixi, milli bayramlar barədə məlumatlar da yer alıb.
Tədbirdə kitabxananın Afrika və Yaxın Şərq bölməsinin rəhbəri Meri-Ceyn Dib və Türkiyə üzrə mütəxəssis Coan Viks kitab və Azərbaycan mədəniyyəti barəsində fikirlərini bölüşüblər. Çıxışlarda Novruz bayramını qeyd edən xalqlara, onların ənənələrinə diqqət yetirilib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirdə çıxış edərək Fəridə Buyuranın müəllifi olduğu kitabın ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini və ən əsası ləziz mətbəxini əks etdirdiyini qeyd edib. Novruzun qədim tarixi barədə məlumat verən diplomat bayramın böyük coğrafi məkanda müxtəlif xalqları birləşdirən qədim ənənə olduğunu bildirib.
Daha sonra kitab müəllifi qonaqlara Azərbaycan milli mətbəxinin tarixi barədə ətraflı məlumat verib. Ölkəmizin müxtəlif bölgələrinin mətbəx xüsusiyyətləri barədə danışan F.Buyuran Azərbaycanın müxtəlif ənənələri bir araya gətirən zəngin mədəniyyətə sahib olduğunu qeyd edib.
Sonda qonaqlara milli mətbəximizin yemək və şirniyyatlarından ibarət təamlar təqdim olunub.