Etibar Nadiroğlunun «Böyük alim, ictimai xadim, dədə dost» kitabı vətənpərvər ziyalı, görkəmli alim, tanınmış həkim Beynəlxalq Cərrahlar Assosiasiyasının həqiqi üzvü Nurəddin Rzanın elmi və ictimai fəaliyyətindən bəhs edir. Kitabın oxucular tərəfindən maraqla qarşılanan bəzi məqamları barədə danışmaq istərdim.
   
   Kitabda ilkin olaraq dünyaca tanınmış bu elm adamının doğulduğu və böyüdüyü ata ocağı haqqında duyğulu məqamlar yer almaqdadır. Hər bir kəsin həyatında doğma ocağın önəmli faktor olması, kökə bağlılıq həyatın sadəcə gün keçirmək vasitəsi deyil, iz qoymaq zərurəti olaraq dərk edilməsi kitabda məxsusi olaraq diqqəti çəkir.
   Kitabda Nurəddin Rzanın zəngin intellektual bazaya malik olması bir daha diqqətə çatdırılır və ötənlər xatırlanır. Öz elmi sahəsindən başqa onun digər elmlərə də yetərincə bələd olması tutarlı faktlarla verilib. Ortaq türk dilinin nə qədər zəruri olduğunu məntiqi dəlilləriylə əsaslandırmış alimin çıxışları bir sıra beynəlxalq konfranslarda hörmətlə qarşılanmışdır .
   Böyük söz ustadı Məhəmməd Füzulinin «Leyli və Məcnun» poemasının özünəməxsus bir şəkildə təhlil edən Nurəddin Rza özünü ədəbiyyat xiridarları kimi təsdiqləmişdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan alimin müəllifi olduğu bədii - publisistik kitablar barədə də burada maraqlı bilgilər verilmişdir .
   Kitabda qeyd edilən dədə dost ifadəsinə aydınlıq gətirmək lazımdır. Məşhur alim Xudu Məmmədov, görkəmli şair Bəxtiyar Vahabzadə və Nurəddin Rzanın dostluğu Azərbaycanın milli-mənəviyyatında bir örnək kimi qəbul olunub. Bu məşhur üçlüyün dostluğu bu günə kimi də həqiqi dostluq nümunəsi sayılıb. Azərbaycana sayğısı olan dünyaca ünlü simalar məhz bu dostluq qalasını daim hörmətlə ziyarət etmişlər. Cənubi Azərbaycandan Cavad Heyət, Türkiyədən İbrahim Yıldırım, Qırğızıstandan Çingiz Aytmatov, Qazaxıstandan Oljas Süleymenov və başqa dünya məşhurları bu aydınların mənəvi saflıqlarına , əməl və amal vəhdətinə daim vurğunluqlarını bildirmişlər.
   Demə, öz aralarında Xudu Məmmədov və Bəxtiyar Vahabzadə, Nurəddin Rzanı dədə dost kimi dəyərləndirirmişlər. Üçü bir yerdə mənəvi kamillik, mənəvi bütövlük yaradan bu örnək dostluğu böyük istiqlal şairimiz B.Vahabzadə belə dəyərləndirmişdir:
   
   Hərənin ayrıca bir xasiyyəti,
   Hərəmiz bir başqa aləm idik biz.
   Hərənin ayrıca qədər -qisməti,
   Üçümüz bir yerdə bir tam idik biz.
   
   Görkəmli elm xadimi Nurəddin Rza haqqında yazılmış bu kitabı oxucuların da əldə etməsi məsləhətdir. Bu böyük şəxsiyyətdən, ömür yolundan, əməli fəaliyyətindən öyrənmək üçün.   

  Oqtay Qasımov